2018-04-05

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib YENİLƏNİB

Aprelin 5-də Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransına ev sahibliyi etməklə Azərbaycan təşkilat çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi işinə töhfəsini bir daha nümayiş etdirir. Gələn il Azərbaycanın təşkilata sədrlik etməsi isə Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə etimadının, eyni zamanda, respublikamızın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.

Azərbaycanın Birinci vitse-prezidenti mərasimdə çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı

- Əziz qonaqlar.

Xanımlar və cənablar, axşamınız xeyir.

İlk növbədə, mən sizin hamınızı salamlamaq, Azərbaycana “Xoş gəlmisiniz!” demək və nazirlər konfransına səmərəli müzakirələr arzulamaq istəyirəm.

Konfransın “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusuna həsr olunması çox rəmzi məna kəsb edir. Əsrlər boyu müxtəlif sivilizasiyalar burada - Avropa və Asiyanın kəsişməsində görüşüb. Azərbaycan müxtəlif etnik köklərə və dinlərə malik insanların hər zaman sülh və harmoniyada yaşadığı torpaq kimi tanınıb.

Biz hər zaman humanizmin, dialoq və həmrəyliyin təbliği üçün əlimizdən gələni etmişik. Siyasətimizin əsas prinsiplərindən biri etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqların təmin edilməsidir. Bu prinsip 100 il bundan əvvəl - 1918-ci ildə Azərbaycan müsəlman dünyasında ilk parlamentli respublikanı yaradan zaman müəyyən olunmuşdu. Bu, Azərbaycan Xalq Cümhuriyyəti idi. Həmin vaxt Azərbaycan həm kişilərə, həm də qadınlara siyasi hüquqlar verən ilk müsəlman ölkəsi oldu.

Sivilizasiyalararası dialoqda oynadığı fəal rolu sayəsində bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ölkəmiz dünyanın üzləşdiyi çox sayda ciddi problemləri müzakirə etmək üçün müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Buna misal olaraq, biz 2018-ci ildə 10 ili tamam olan “Bakı Prosesi”ni göstərə bilərik. Bilirsiniz ki, Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan azsaylı ölkələrdən biridir. “Bakı Prosesi” İslam və Qərb sivilizasiyaları, xalqları və mədəniyyətləri arasında dialoq və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərini Avropa Şurasından olan həmkarlarının görüşünə dəvət etmişdik. Tarixdə ilk dəfə olaraq hər iki təşkilatın nazirləri Bakıda görüşdülər. Bu gün “Bakı Prosesi” inkişaf etməkdə davam edir. Bundan əlavə, biz, həmçinin BMT, UNESCO, ISESCO, Avropa Şurası və bir çox başqa təşkilatların dəstəklədiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik.

Əfsuslar olsun ki, Azərbaycan hələ də həll olunmamış böyük problemlə üz-üzədir. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bununla belə, Ermənistan sülh səylərinə məhəl qoymur və təcavüzü davam etdirir. Münaqişə beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bununla belə, Ermənistan onları yerinə yetirməkdən imtina edir.

Mən qeyd etmək istərdim ki, ölkəmizin ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanınır. Bu təşkilat hər zaman bizim siyasi mövqeyimizi qlobal səviyyədə dəstəkləyib. Bununla əlaqədar təşkilat bir neçə qətnamə və qərarlar qəbul edib. Mən bu dəstəyə görə sizə minnətdaram.

2019-cu ildə Bakı Qoşulmama Hərəkatı ölkələrinin Sammitinə ev sahibliyi edəcək. Növbəti üç il ərzində Azərbaycan 120 üzv ölkəni birləşdirən bu mühüm təşkilata sədrlik edəcək. Bütün bu addımlar, o cümlədən Bakıdakı bu konfrans bir daha bizim uğurlu əməkdaşlığımızı sübut edir.

Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz problemlərə baxmayaraq, Azərbaycan öz uğurlu inkişaf strategiyasını müəyyən edib. Ölkəmiz mühüm siyasi və iqtisadi islahatlar həyata keçirib. Enerji ehtiyatlarımızdan istifadə edərək biz qeyri-neft sektoruna, insan kapitalına və infrastruktura investisiya yatırırıq. Bu, ölkəmizin davamlı inkişafını təmin etməyə kömək edir.

Əziz qonaqlar, Azərbaycan “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. 2000-ci ildən ölkəmiz “Ekspo” hərəkatının fəal üzvüdür. Bizim milli pavilyonlarımız 2015-ci ildə Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar alıb.

Azərbaycan “Ekspo 2025”ə yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə malikdir. 2015-ci ildə biz ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Biz Formula 1 yarışına ev sahibliyi edərkən də yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdik. Bildiyiniz kimi, 2017-ci ildə Bakıda keçirilmiş Formula 1 Qran-Prisi dünyada ən möhtəşəm və ən maraqlı yarış kimi qiymətləndirildi.

Biz hesab edirik ki, Ümumdünya Sərgisi müxtəlif ölkələrin dünyanın ən vacib problemləri ilə bağlı öz fikirlərini ifadə etməsi üçün nadir platformadır. Bu sərgilər bütün beynəlxalq ictimaiyyəti müzakirə aparmaq və əməkdaşlıq etmək üçün bir araya gətirir. Bu sahədəki nailiyyətlərimizi nəzərə alaraq, inanırıq ki, biz belə bir nüfuzlu tədbirə ən yaxşı ev sahibliyi edə bilərik.

Biz “qara qızılı” insan kapitalına çevirməyə müvəffəq olmuşuq. Təbii ki, biz bütün bunları xalqımızın zəngin insan potensialı sayəsində etmişik.

Bu gün texnologiyanın insanlara təsiri dünyanın əsas çağırışlarından biridir. Ona görə də “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusu tərəfimizdən “Ekspo 2025” üçün seçilmişdir. Biz insanları, - insan kapitalını, dünyanın ən güclü ehtiyatını, - bəşəri debatın mərkəzinə qoyacağıq. Bakıdakı “Ekspo” Ümumdünya Sərgisi, həmçinin təşkilata yeni bazarda yeni auditoriyalarla əlaqə saxlamaq imkanı yaradacaq.

Deyə bilərəm ki, namizədliyimiz qalib gələrsə, Azərbaycan bütün Şərqi Avropa, Qafqaz və Xəzər regionunda “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk ölkə olacaq. Ümidvaram ki, siz ölkəmizin “Ekspo 2025” üçün namizədliyini dəstəkləyəcəksiniz.

Əziz qonaqlar, sonda mən bir daha konfransın bütün iştirakçılarına səmimi salamlarımızı çatdırmaq istəyirəm. Ümid edirəm ki, paytaxtımızın zəngin ruhundan və xalqımızın qonaqpərvərliyindən zövq alacaqsınız. Mən sizə xoşbəxtlik, ölkələrinizə isə sülh və rifah arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonra Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı videoçarx nümayiş olundu.

Mərasim konsert proqramı ilə davam etdi.

https://azertag.az/xeber/Qosulmama_Herekatinin_xarici_isler_nazirlerinin_serefine_ziyafet_verilib_YENILANIB-1150205

Arxiv üzrə axtarış