2018-04-05

Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxundu. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, Serbiya Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin səfərinin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu qeyd edən İvitsa Daçiç əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Serbiyanin_Bas_nazirinin_birinci_muavini_ve_xarici_isler_nazirinin_baschiliq_etdiyi_numayende_heyetini_qebul_edib_YENILANIB_VIDEO-1149922

Arxiv üzrə axtarış