2018-04-16

ABŞ-ın Arizona ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib VİDEO

ABŞ-ın Arizona ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə güclü dəstək ifadə edən bəyannamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul edilib. Bəyannamə həmin gün Senat sədri və müavini tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.

Senat sədri Stiv Yarbrou tərəfindən imzalanmış bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir. Bəyannamədə, həmçinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizmə, narkotik vasitələrin qaçaqmalçılığına və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir. Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Sənəddə, həmçinin qeyd olunur ki, Los-Ancelesdəki baş konsulluğu vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur.

https://azertag.az/xeber/ABS_in_Arizona_statinin_Senati_Azerbaycanin_erazi_butovluyunu_destekleyen_beyanname_qebul_edib_VIDEO-1153189

Arxiv üzrə axtarış