2018-04-17

Səfir: "Dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq Fransa üçün çox vacibdir" - MÜSAHİBƏ

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin APA-ya müsahibəsi

- Fransa və Azərbaycan arasında uzun tarixə söykənən münasibətlərin mövcud səviyyəsi Sizi qane edirmi?

- İcazə verin, sualınıza cavab vermədən öncə ölkəmizdə keçirlən prezident seçkilərinin uğurla yekunlaşmasına görə xalqımızı təbrik edim. Azərbaycan xalqı bir daha müdriklik nümayiş etdirdi, inkişafa, tərəqqiyə və sabitliyə səs verdi.

Sualınız cavabına gəldikdə isə qeyd etmək istərdim ki, BMT TŞ-nın, NATO-nun üzvü statusu ilə Avropanın böyük dövləti kimi, eləcə də ölkəmizlə olan tarixi dərin əlaqələri çərçivəsində Fransa beynəlxalq aləmdə Azərbaycanın əsas tərəfdaşlarındandır. Bu il 100 illiyin qeyd etdiyimiz ilk respublikamızın məhz burada beynəlxalq səviyyədə tanınmasını xatırlatmaq kifayətdir.

 

"İlk respublikamız fransız ideyalarına əsaslanıb"

 

Həmin respublikanın müasir ideologiyası liberal, demokratik, bərabərlik və insan hüquqları kimi fransız ideyalarına əsaslanıb. ADR-in parlament sədri və faktiki olaraq dövlətin başçısı A. M. Topçubaşı, eləcə də ADR-in diplomatik nümayəndə heyətinin və hökümətin üzvlərinin bəziləri Paris qəbirstanlığında uyuyurlar.

 

Rəsmi Paris də ölkəmizlə əlaqələrə böyük önəm verir. Azərbaycanın çoxşaxəli müstəqil xarici siyasəti, qlobal siyasi oyunçularla tarazlaşdırılmış münasibətləri, regionda stabilləşdirmə rolu yüksək qiymətləndirilir. Diplomatik əlaqələrin qurulmasından ötən 25 il ərzində birlikdə yüksək əməkdaşlığa nail olmuşuq. Bu nailliyət bu gün Xəzər dənizinin dərinliklərindən kosmik səmaya qədər yüksələn geniş sahələri əhatə edir. Bugünkü prioritetlərimiz siyasi dialoqu, regional və beynəlxalq gündəlikdə olan aktual məsələlərlə bağlı əməkdaşlığı daha da genişləndirməkdir. Həmçinin, yeni iqtisadi və sərmayə layihələrini reallaşdırmaq, mədəniyyət və təhsil sahəsində əməkdaşlığı intensivləşdirmək, şəhərlər və regionlar arasında qardaşlaşma əlaqələrini möhkəmləndirmək, gənclər və vətəndaş cəmiyyətləri arasında əlaqələri genişləndirmək də əsas prioritetlərimiz arasındadır.

Beynəlxalq arenada əməkdaşlıq imkanımızın yeni istiqamətini qeyd etmək istərdim. Azərbaycan davamlı sosial və iqtisadi inkişafı təmin etmək məqsədi ilə Asiya və Afrikanın inkişaf yolunda olan ölkələrinə yardım göstərməkdə fəal iştirak edir. Onların iqtisadiyyat, səhiyyə, hökumət orqanları və digər sahələrdə kadrların hazırlamasına töhfə veririk. Bu regionlarda Fransanın güclü ənənəvi təsiri olub və bu ölkələrdə mümkün birgə iqtisadi layihələr həyata keçirmək haqqında düşünə bilərik.

- Azərbaycanın Avropaya inteqrasiyası sahəsində Fransanın rolu necədir?

- Fransanın Azərbaycanın Avropaya inteqrasiyası sahəsində rolu vacibdir. Aİ və Azərbaycan arasında imzalanmaq üçün hazırlanan yeni saziş mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmizin xarici siyasət balansı strategiyasının mühüm elementidir. Eyni zamanda, bu, bizim üçün siyasi, iqtisadi və sosial sahələrdə islahatların daha da möhkəmləndirilməsi, yaşayış səviyyəsinin və keyfiyyətinin Avropa səviyyəsinə yüksəldilməsinin əsasını təşkil edir. Avropa Şurasında aparıcı siyasi və ticarət tərəfdaşımız olan Fransadan Avropaya inteqrasiya yolunda fəal dəstək gözləyirik.

Qeyd etməliyik ki, rəsmi Bakının Avropaya inteqrasiya istiqaməti təkcə ölkəmiz üçün deyil, eyni zamanda Avropa, o cümlədən Fransa üçün də vacibdir. Azərbaycan dünyəvi müsəlman ölkəsidir, Avropa və Asiya, Avropa və İslam dünyası arasında fəal dialoq və əməkdaşlıq körpüsüdür. Bu, fanatizm və ekstremizm alovuna bürünən bütün region üçün stabillik və təhlükəsizlik amilidir. Bu gün qitələri birləşdirən, eləcə də Asiya, Qafqaz və Avropa ölkələrində minlərlə yeni iş yeri yaradan layihələr təşəbbüsü irəli sürdüyü və onları reallaşdırması istiqamətində görülən işləri nəzərə alsaq, bu, həm də inkişaf amilidir. Ölkəmizin bu rolunun Avropa ölkələri, xüsusilə də Fransa tərəfindən dəstəklənəcəyinə ümid edirik.

- Azərbaycan Fransanın əsas iqtisadi  və ticari tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi əməkdaşlıq nə yerdədir?

- İqtisadi sahədə çoxsaylı tərəfdaşlıq və layihələr ölkələrimizi sıx bağlayır. Qeyd edim ki, Azərbaycan regionda Fransanın aparıcı ticarət tərəfdaşıdır, 2015-2017-ci illərdə 800-dən çox fransız şirkəti məhsullarını Azərbaycana ixrac edib, 20-dən artıq şirkət Azərbaycanda ofisini açıb.

"Təəssüf ki, son illər iqtisadi əlaqələrin zəifləməsi müşahidə edilir. Fransa artıq Azərbaycanın ilk 10 ticarət tərəfdaşı arasında deyil"

Bu gün « Total », « Alstom », « Suez », « Thales » və digər aparıcı fransız şirkətləri ilə layihələr müzakirə olunur. Ancaq təəssüf ki, son illər iqtisadi əlaqələrin zəifləməsi müşahidə edilir. Ticarət dövriyyəsi 2014-ci ildə 1,6 milyard dollardan 2017-ci ildə 492 milyona düşüb (ixrac 338 milyon, idxal 154 milyon). Fransa artıq Azərbaycanın ilk 10 ticarət tərəfdaşı (12-ci mövqe) arasında deyil, bu gün bizim bazarda fransız məhsullarının payı 2 faizi keçmir.

Yatırılan sərmayələrə gəldikdə isə, fransız şirkətləri iqtisadiyyatımıza 2 milyard dolları neft və qaz sektoruna olmaqla, 2,2 milyard dollar sərmayə yatırıblar. Bizim Fransadakı sərmayələrimiz 165 milyon dollardır, lakin bu rəqəmlər də keçmişi əks etdirir. Bütün bu rəqəmlər nə Fransa biznesinin imkanlarına, nə də Azərbaycan iqtisadiyyatının tələblərinə cavab vermir. Bu gün ölkəmizdə Fransa şirkətlərinin təcrübəsi və bilikləri olan qeyri-neft, aqro-sənaye, kommunikasiya, turizm və xidmətlər kimi sektorlar inkişaf edir. Fransız şirkətləri bu sektorlardakı imkanlarından istifadə etməklə Şimal və Cənub, Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın logistika imkanlarından bəhrələnə bilərlər. Yeni istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolu dəhlizi Orta Asiya və Çin regionları ilə ticarət əlaqələrinin inkişafı üçün Avropa ölkələri, o cümlədən Fransa üçün böyük perspektivlər açır. Eyni zamanda, fransız şirkətləri Bakı azad ticarət zonasının imkanlarından istifadə edə bilərlər. Maliyyə sektoru əməkdaşlığın çox perspektivli bir sahəsidir. Azərbaycan Fransanın maliyyə bazarına 2,4 milyard dollardan çox sərmayə yatırıb ki, bu da xarici sərmayəmizin 7 faizini təşkil edir və bu sahədə lazımı şərait yaradılarsa, bu rəqəm daha da yüksələ bilər.  Sirr deyil ki, ingilis və alman tərəfdaşlarımız bu gün maliyyə kapitalı sahəsində daha əlverişli şərtlər və zəmanətlər təklif edir. Yəni hamımız qlobal iqtisadiyyatda yeni tendensiyaları nəzərə almalıyıq. Fransız şirkətləri yeni sektorlarda və sənaye sahələrində cəsarətlə hərəkət etməlidirlər. Köhnə metodlarla işləmək, yalnız böyük müqavilələrə ümid etmək artıq uğur gətirmir. Bütün bunlar bizim şirkətlərimizə də aiddir. Onlar Fransanın bazarında daha çox təşəbbüskar olmalı, Fransada keçirilən yarmarka və sərgilərdə fəal iştirak etməli, ticarət və investisiya üçün yeni sahələr axtarmalıdırlar. Bu münasibətlərimizdə yaranan ticarət və investisiyaların azalması kimi mənfi tendensiyasını aradan qaldırmağın yeganə yoludur.

- Fransada Azərbaycan diasporunun zəif olduğu bildirilir. Sizin fikriniz necədir?

- Haqlısınız, bu istiqamətdə görülməli çox işlər var. İndi Fransanın həm paytaxtında, həm də regionlarında pərakəndə yaşayan Azərbaycan icmasının ayrı-ayrı qruplarını birləşdirmək çox vacibdir. Bu işə artıq başlanılıb və əminəm ki, tezliklə öz bəhrəsini verəcəkr. Bundan əlavə, Fransa siyasi, iqtisadi sahələrdə və ictimai həyatda böyük rol oynayan assosiasiyalar (ictimai birliklər) ölkəsidir. Ölkədə 1 milyondan çox assosiasiya fəaliyyət göstərir. Bizim soydaşlarımız bu prosesdə daha fəal iştirak etməli, tematik, regional assosiasiyalarını yaratmalı və onlar vasitəsi ilə Fransanın ictimai həyatının bütün aspektlərində fəal iştirak etməlidirlər. Cəmiyyətin üzvlərinin çoxsayda yaşadığı ərazilərdə Azərbaycan dilinin öyrədilməsi üçün uşaqlar üçün bağçalar və məktəblərin təşkili də böyük əhəmiyyət kəsb edir. Fransada bu ölkədə uğur qazanmış çoxsaylı vətənpərvər fikirli azərbaycanlılar elm, mədəniyyət və biznes sahələrində görkəmli yer tuturlar və Fransada Azərbaycanın mövqeyinin gücləndirməsinə töhfə verməyə  hazırdırlar.

- Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Bakıda olarkən bildirmişdi ki, Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlar arasında görüşün keçirilməsi planlaşdırılır. Bu təşəbbüs barədə hansısa yeni məlumatınız varmı?

 

- Fransa Senatında Fransa-Qafqaz dostluq qrupunun sabiq rəhbəri senator Andre Rişard ölkələrimiz, eləcə də Senatla Milli Məclisarasında əlaqələrin gücləndirilməsində böyük rol oynayıb. Hal-hazırda da o, qrupun üzvü kimi fəaliyyətini yenə də davam etdirir. O, həqiqətən, bu təşəbbüslə çıxış edib, amma həyata keçirilməyib. Əgər Fransa Senatı və ya Milli Assambleyasının indiki rəhbərləri bu istiqamətdə işlərin davam etdirilməsində maraqlı olarsa, biz mütləq reaksiya verəcəyik.

- Fransalı həmsədr Stefan Viskonti bildirmişdir ki, Fransa öz ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır. Belə bir görüş gündəmdə varmı?

- Fransa tərəfindən bu məsələ ilə bağlı heç bir rəsmi bəyanat və ya təklif gəlməyib, buna görə şərh edəcək bir şey yoxdur 

- Fransa prezidenti Emmanuel Makron 2018-ci ilin oktyabr ayında Ermənistana gedəcək. Fransa prezidentinin Azərbaycana səfəri gözlənilirmi? Fransadan Azərbaycana, Azərbaycandan Fransaya yüksək səviyyəli səfərlər planlaşdırılırmı?

- Fransız həmkarlarımızla birlikdə Bakıya və Parisə yüksək səviyyəli səfərlər üçün hazırlıq işləri aparırıq.

"Fransız həmkarlarımızla birlikdə Bakıya və Parisə yüksək səviyyəli səfərlər üçün hazırlıq işləri aparırıq"

Bu məsələlərdə təmkinli olmalı, eləcə də, dövlət başçılarının iş cədvəlləri nəzərə alınmalıdır. Sadəcə, qeyd edim ki, Parisdə Azərbaycanın Qafqaz regionunda aparıcı rolunu başa düşürlər və Bakı ilə siyasi dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verirlər, ölkəmizlə iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Fransanın yeni prezidenti yeni nəslin lideridir, islahatlara, ölkəsinin iqtisadiyyatını, beynəlxalq aləmdə, o cümlədən müsəlman dünyasında mövqelərini möhkəmləndirməyə çalışır. Bu baxımdan, Qərb ilə Şərq arasında körpü rolu oynayan və dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq Paris üçün çox vacibdir.

- Ölkələrimiz arasında ikitərəfli münasibətlərdə hansı problemlər mövcuddur?

- Ölkələrimiz arasında imzalanmış müqavilələrin müddəalarına, eləcə də Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq Parisdə 1998-ci ildən qeyri-qanuni separatçı qurumun “nümayəndəliyi" fəaliyyət göstərir. Bu “nümayəndəlik” ölkə ərazisində açıq şəkildə anti-Azərbaycan fəaliyyəti ilə məşğul olur, ölkəmizin işğal olunmuş ərazilərində yaradılan qeyri-qanuni bir rejimi təmsil edir. Paris dəfələrlə bu rejimi tanımadığını bəyan edib, bəs onda niyə o, bu "nümayəndəliyin"  fəaliyyətinə göz yumur?

"Ölkələrimiz arasında imzalanmış müqavilələrin müddəalarına, eləcə də Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq Parisdə 1998-ci ildən qeyri-qanuni separatçı qurumun “nümayəndəliyi" fəaliyyət göstərir"

Digər ciddi məsələ isə separatçı rejim nümayəndələrinin Fransaya səfərləridir. Fransadan başqa Avropa İttifaqının heç bir ölkəsi parlamentində anti-Azərbaycan təbliğatını aparan separatçıları qəbul etməyə icazə vermir. Rəsmi Paris bu cür səfərlərin ikitərəfli əlaqələrə zərər verdiyini  görmürmü? Üstəlik, 2013-cü il iyunundan 2018-ci ilin aprelinə qədər Fransanın əsasən erməni icmasının sıx yaşadığı 11 şəhər və bölgəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki şəhərlər ilə "dostluq və əməkdaşlıq” sənədləri imzalayıb. Bu da tamamilə qəbuledilməzdir. İmzalanmış qondarma “sənədlər” Fransanın rəsmi mövqeyinə, eləcə də qanunvericiliyinə ziddir. Xüsusilə də, bu qeyri-qanuni təcrübənin niyə davam etdirildiyi anlaşılmazdır.

Bizim mövqeyimiz dəfələrlə Fransa hakimiyyət orqanlarına çatdırılıb və biz bu problemli məsələləri aradan qaldırmaq üçün həlledici tədbirlərin görülməsini gözləyirik. BMT Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa beynəlxalq öhdəliklərinə və Azərbaycanla imzalanmış əsas sazişlərin müddəalarına riayət etməlidir. Bununla bağlı xatırlatmaq istəyirəm ki, sərhədlərin toxunulmazlığı prinsipinə hörmət 20 dekabr 1993-cü ildə Parisdə imzalanmış, ölkələrimiz arasında Dostluq, Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında müqavilənin ən vacib şərtlərindən biridir.

- Məlumdur ki, Fransada ermənipərəst qüvvələr daha çoxdur. Bundan başqa, Fransa hər zaman Ermənistanı yaxından dəstəkləyir. Belə olan halda Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipinə uyğun həllində rol oynayacağı nə qədər ağlabatandır?

- Haqlısınız, Fransada, xüsusilə də erməni icmalarının kompakt şəkildə yaşadığı ərazilərdə, onların icra, qanunvericilik və məhkəmə orqanlarına təsirləri güclüdür. Eyni zamanda, ölkəmizə rəğbəti olan dairələr də var. Onlar ölkəmizlə əməkdaşlıqda maraqlıdır və potensial olaraq Azərbaycan meyilli ola bilərlər. Buna görə birincilər ilə dialoq aparmaq və ikincilər ilə fəal əməkdaşlıq etmək vacibdir.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə, Fransadan təşəbbüskarlıq gözləyirik.  ATƏT-in Minsk qrupunun fransız həmsədri S. Viskonti regionu tanıyan, onun problemlərini və münaqişənin səbəblərini başa düşən, tərəflərin mövqelərinə yaxşı bələd olan, təcrübəli, dialoqa açıq və təşəbbüskar diplomatdır. Ona görə də ondan ATƏT-in Minsk qrupunun işində fəal rol oynamasını gözləmək haqqımızdır.

"Münaqişəsinin həllində Fransadan təşəbbüskarlıq gözləyirik"

Bu kontekstdə xatırlatmaq istəyirəm ki, Minsk qrupunun həmsədrlərinin mandatının əsasını ATƏT-in prinsip, norma və qərarları ilə yanaşı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri də təşkil edir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında bu münaqişənin ədalətli həlli Cənubi Qafqazın davamlı inkişafı və geniş regional əməkdaşlıq üçün əsas şərtdir. Bundan təkcə region ölkələri deyil, Avropalı tərəfdaşlarımız, eləcə də Fransa faydalanacaq.

- Azərbaycandan Fransaya müxtəlif adlar altında gəlmiş şəxslər özlərini siyasi mühacir kimi təqdim edir, bir sıra aksiyalar keçirirlər. Ümumiyyətlə, Fransada azərbaycanlı mühacir problemi ilə bağlı vəziyyəti bilmək istərdik.

- Doğrudur, bəzi həmvətənlərimiz müxtəlif yollara əl atırlar ki, siyasi sığınacaq alsınlar və Fransada müvəqqəti və ya daimi yaşaya bilsinlər. Onlar yerli miqrasiya orqanlarını aldadaraq, özlərini “vicdan məhbusu”  və ya “jurnalist” kimi təqdim edirlər. Ancaq bu çox gülüncdür. Əvvəl-axır belə halların üstü açılır. Təəccüblü odur ki, Fransa Miqrasiya Xidməti necə özü-özünü asanlıqla aldatmağa imkan verir. Lakin belə "vicdan məhbus"ları azlıq təşkil edir. Fransada yaşayan, təhsil alan və işləyən soydaşlarımızın əksəriyyəti öz vətənlərinə mənsub olmaqları ilə fəxr edirlər. Bu bir daha 11 aprel seçkiləri zamanı da açıq nümayiş olundu. Fransada iş günü olmasına baxmayaraq, soydaşlarımız səsvermə prosesində fəallıq göstərdilər və ölkənin ucqar şəhərlərindən və regionalardan gəlib səs verdilər. Xalqımız və dövlətimizin siyasəti ilə həmrəy olduqlarını nümayiş etdirdilər. Fransadakı seçicilərin 90 faizdən çoxu hazırkı prezidentimizə səs verdi. Bu seçkilərin Fransada uğurla keçirilməsi və ümumiyyətlə, bu ölkədə Azərbaycan icmasının birləşdirilməsində “Ulduz” və “Azərbaycan Evi” təşkilatının rolunu xüsusi qeyd etmək istərdim.

Arxiv üzrə axtarış