2018-05-07

Ukraynanın xarici işlər naziri: Azərbaycan regionda lider dövlətə çevrilib

Azərbaycan regionda lider dövlətə çevrilib və beynəlxalq layihələrdə lokomotiv rolunu oynayır.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib.

Nazir bildirib ki, Azərbaycan multikulturalizmin və dini tolerantlığın inkişafına görə dünyanın ən nümunəvi ölkələrindən biridir. “Mən çox şadam ki, Azərbaycanla Ukrayna arasında dostluq və qardaşlıq münasibətləri durmadan inkişaf edir. Təbii ki, bu dostluğun kökü çox qədim tarixə söykənir. Bakıya hər səfərimdə böyük irəliləyişlərin şahidi oluram. Həqiqətən də ölkəniz bölgənin əsl lider dövlətidir”, - deyə Pavel Klimkin əlavə edib.

Ukraynanın xarici işlər naziri dost və qardaş Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edib.

Xatırladaq ki, Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı beynəlxalq festival və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində səfirliyimizin təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib.

https://azertag.az/xeber/1160239

Arxiv üzrə axtarış