2018-05-11

Parisdə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib VİDEO

Fransadakı səfirliyimizin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına Ulu Öndərin həyat və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Səfir Rəhman Mustafayev çıxış edərək Heydər Əliyevin Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifi olduğunu vurğulayıb. Bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyevi siyasət nəhəngi adlandırıb. 1993-1994-cü illərdə vətəndaş müharibəsinin astanasında olan və iflic vəziyyətinə düşmüş Azərbaycan Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində fəlakətlərdən xilas edilib. Gənc respublikanın uğurları və sabitliyinin əsasında Heydər Əliyev prinsipləri dayanıb. Ulu Öndərin neft strategiyasının əsası olan “Əsrin müqaviləsi”nin təkcə Azərbaycana deyil, bütün regiona töhfə verib.

Rəhman Mustafayev mürəkkəb regionda yerləşən Azərbaycanın bütün ölkələrlə tarazlaşdırılmış münasibətlərindən də söz açıb.

Fransanın tanınmış tarixçisi, jurnalisti və geosiyasət üzrə eksperti Aleksandr Adler Heydər Əliyevin müstəqil və suveren ölkəmizin rəmzi, müasir müstəqil Azərbaycanın banisi olduğunu bildirib. Qeyd edib ki, 1993-cü ildə mürəkkəb dilemma qarşısında olan Azərbaycanın ən çətin anlarında Heydər Əliyev hakimiyyətə gəlib və ölkəni xilas edib. Ulu Öndərin müdrikliyi sayəsində ölkə beynəlxalq arenada öz yerini tapıb və müxtəlif beynəlxalq təşkilatların üzvü olub.

A.Adler Heydər Əliyevin müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərindən və onun regiona töhfələrindən söz açıb. Azərbaycan xalqının Ümummilli Liderinin fenomenal bir şəxsiyyət olduğunu diqqətə çatdırıb.

Fransız vəkil Alən Tremolyer Ulu öndərin çox sevdiyi “Azərbaycan” şeirini fransız dilində söyləyib.

“Azərbaycan” şeirinin müəllifi Səməd Vurğunun nəticəsi - gənc pianoçu Vurğun Vəkilov konsert proqramı ilə çıxış edib. O, S.Bax, M.Ravel və Q.Qarayevin əsərlərini səsləndirib. Sonda Ümummilli Liderin sevimli mahnısı olan “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.

Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında yazılı məlumat, “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş sonuncu nömrəsi, Heydər Əliyev Fondunun tariximiz və mədəniyyətimizə dair nəşrləri tədbir iştirakçılarına çatdırılıb.

https://azertag.az/xeber/1161725

Arxiv üzrə axtarış