Ötən ilin yanvarından indiyədək "ASAN Viza" vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib
"2017-ci ilin yanvarından indiyə kimi "ASAN Viza" vasitəsilə 430 mindən çox əcnəbiyə viza verilib".
APA-nın xəbərinə görə, bunu "ASAN xidmət"in sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, bu gündən 15 dövlətin vətəndaşlarına Heydər Əliyev hava limanında "ASAN viza"ların verilməsinə başlanıb: "Yaxın müddət ərzində ölkəmizdəki digər beynəlxalq hava limanlarında da "ASAN Viza"lar veriləcək. Əvvəllər də hava limanlarında vizaların verilməsi həyata keçirilib. Lakin yeni sistemin fərqi insan amili tamamilə aradan qaldırılmasındadır. Əcnəbilər terminallara yaxınlaşaraq, pasport məlumatlarını yükləməklə maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcək. Sistem şəffaf və avtomatikdir"
Qeyd edək ki, bu gündən "ASAN Viza" vasitəsi ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.
15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.
Hazırda ASAN Viza portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.