2018-05-29

Maliyyə naziri Samir Şərifov Fransanın Avropa və xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov mayın 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, qazanılan sosial-iqtisadi uğurlar barədə qonağa məlumat verən Samir Şərifov Azərbaycanın Fransa ilə münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynadığını vurğulayıb.

Hazırda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyini bildirib.

Öz növbəsində Jan-İv Lö Drian Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb, xüsusilə kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə geniş perspektivlər olduğunu qeyd edib.

Görüşdə cari ildə Prezident İlham Əliyevin Parisə gözlənilən səfəri ərəfəsində Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti toplantısının keçirilməsinin vacibliyi vurğulanıb.

Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadiyyat, maliyyə, enerji, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.

https://azertag.az/xeber/1166964

Arxiv üzrə axtarış