2018-05-31

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib YENİLƏNİB 2 VİDEO

Mayın 31-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli səfirlər, sizi salamlayıram. 

Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Mən fürsətdən istifadə edərək, xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələrlə bizim ölkəmizin çox sıx dostluq əlaqələri vardır. Mənim ölkələrinizə səfərlərim, sizin ölkələrinizin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunun əyani sübutudur. Bildiyiniz kimi, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə BMT-dəki əməkdaşlığı mən qeyd etmək istərdim. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız çox uğurludur. Biz digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik.

Bizim dost ölkələrimiz, müsəlman ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu dəstəyə görə mən sizə minnətdaram. Bildiyiniz kimi, bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Bu qərar və qətnamələr münaqişənin həlli üçün hüquqi zəmin yaradır. Bu qərar və qətnamələrin qəbul edilməsində həmin təşkilatlardakı müsəlman ölkələri iştirak edirlər, münaqişənin həllinə dəstək verirlər.

Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın tarixi, əzəli torpaqları erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpaqda qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindən dağıdılıb. Muzeylərimiz talan edilib. Tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş vandallıqdır. Xalqımıza qarşı ermənilər Xocalı soyqırımı törədiblər. Ondan çox ölkə bu soyqırımını rəsmi qaydada qəbul edib.

Münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək. Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Bu məsələ ilə bağlı ədalətli mövqeyinizə görə ölkələrinizə və sizə bir daha minnətdaram.

Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. Dəfələrlə bəyan etmişdir ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Bildiyiniz kimi, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Ölkələrinizin iştirakı ilə Bakıda mötəbər IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Bu Oyunlar, sadəcə olaraq, idman yarışı deyil, eyni zamanda, İslam dünyasının birliyini nümayiş etdirib və biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək.

Bu il Azərbaycanın qədim şəhəri olan Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. İkinci dəfədir ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. Birinci dəfə Bakı şəhəri bu ada layiq görülmüşdür. Bu, bizi çox sevindirir. Bu, onu göstərir ki, bütün müsəlman dünyası Naxçıvanı qədim Azərbaycan diyarı, müsəlman diyarı kimi tanıyır. Naxçıvanda yerləşən, bütün müsəlman ictimaiyyəti üçün önəmli olan abidələrimiz dünya əhəmiyyətli abidələrdir.

Bildiyiniz kimi, Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır. Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.

Mən bir daha sizi salamlayıram və sizə uğurlar, cansağlığı, xalqlarınıza xoşbəxtlik arzulayıram.

x x x

Sonra Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül RƏHİM çıxış edərək dedi:

-Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

Hörmətli cənab Prezident, Azərbaycan Respublikasında akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və diplomatik missiyalarının rəhbərləri adından mənə müqəddəs Ramazan bayramı münasibətilə Sizi təbrik etmək şərəfi nəsib olub. Eyni zamanda, yenidən Prezident seçildiyinizə, Azərbaycan xalqının Sizə yenidən etimad göstərdiyinə və ölkənin Sizin rəhbərliyinizlə irəliləməsinə görə təbriklərimi çatdırıram.

Bu il Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Sizi və qardaş Azərbaycan xalqını bu mühüm tarixi ildönümü ilə əlaqədar təbrik etmək bizim hamımız üçün olduqca sevindiricidir.

Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bizim müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq əlaqələrinin inkişafına təkan vermək məqsədilə Zati-alinizin yenilməz qətiyyətinizi əks etdirən belə görüşlər ənənənə halı alıb. Bu müqəddəs ayda müsəlmanlar sülh, həmrəylik şəraitində bir araya gəlməklə İslamın şərəfli dəyərləri olan ruh və fikrin qidalanmasına çağırış edilir və bu ay bizi birliyə, mənəvi rahatlığa, yüksəlişə və xeyirxahlığa doğru aparır. Bununla da imkansızlara kömək etmək, qardaş olduğumuza və paylaşdığımız taledən agah olduğumuza görə bir-birimizi bağışlamaq və qəbul etmək üçün hamımızın daxilində olan xüsusiyyəti alovlandırır.

Cənab Prezident, Azərbaycan Respublikası nisbətən gənc olmasına və yaradılmasından etibarən üzləşdiyi bir çox çağırışlara baxmayaraq, respublika rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində müasir və fəal ölkə olmaq üçün həmin əngəllərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Ölkəniz müasirliyi qəbul edib və gələcəyə doğru yüksələn xətlə inkişaf edib, lakin, eyni zamanda, öz qədim və islami irsini qoruyub saxlaya bilib. Qardaş Azərbaycandakı müsəlman səfirləri qismində ölkənizin dinamik inkişafının şahidi olduğumuz üçün biz birlikdə və səmimi surətdə ölkənizdə baş verən və bir çox sahələri əhatə edən sürətli inkişafa, yenidənqurmaya, islahatlara və uğurlu transformasiyaya valeh olmuşuq. Müsəlman ümmətinin ayrılmaz və mühüm bir üzvü olaraq Azərbaycan müsəlman aləminin haqq işinə tərəddüd etmədən dəstək olmaqla İslamın həqiqi ruhunu və ismarıcını təcəssüm etdirir. Xüsusilə işğal olunmuş müqəddəs Qüds şəhəri ilə bağlı Sizin cəsarətli mövqeyinizi, habelə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirakınızı, o cümlədən bu günün saysız-hesabsız çağırışlarına cavab vermək üçün göstərilən birgə səylərin önündə olmağınızı və bu təhdidlərdən biri olan islamofobiya kimi yanlış təfsirə qarşı mübarizə aparmağınızı qeyd etmək istəyirəm. Bu mübarizə sakit düşüncə, şəksiz mədəni, tarixi və dini sübutların təqdim olunması və mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa əsas diqqəti yetirən Bakıda bir çox mühüm beynəlxalq konfransların keçirilməsi yolu ilə və fikir ayrılıqlarını aradan qaldırmaq, habelə sivilizasiyaların toqquşması ilə bağlı zəif arqumentlərin ifşa olunması üçün şərəfli missiya ilə İslamın insan irsinin qoruyucusu kimi rolunu və öz qızıl əsrində insan biliyi və mədəniyyətinin bütün sahələrinə verdiyi dərin töhfələrini vurğulamaqla aparılır. Azərbaycanın inklüzivliyin və tolerantlığın hökm sürdüyü, müxtəlif dinlərin nümayəndələrinin sülh və harmoniya içində yaşadığı bu ölkə kimi İslamın əsas dəyərlərini təcəssüm etməsi danılmazdır. Bununla da dünyanın müxtəlif guşələrindən olan müşahidəçilər ölkə və İslam haqqında maarifləndirilir və bu müsbət imic onların yaddaşına həkk olunur.

Cənab Prezident, müsəlman ümməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qətnamələrin, BMT-nin qəbul etdiyi bütün qətnamələrin şəffaf və qeyd-şərtsiz icrasının tərəfdarı olmaqla onun yanında durur. Bu müqəddəs ayda biz işğal olunmuş bütün müsəlman ərazilərinin və müqəddəs yerlərin öz həqiqi sahiblərinə qayıdacağı və ümmətimizin terror və xaosu yayan, İslamın adına ləkə gətirən bədxah və cahil qüvvələrə qalib gələcəyi günün yaxın olduğunu arzulayırıq. Bununla da bəzi müsəlman ölkələrinin üzərində olan qara buludlar aradan götürüləcək. Eyni zamanda, qardaş ölkələrimiz arasında birliyi və harmoniyanı bərpa etmək üçün fikir ayrılıqları aradan qaldırılacaq. Bu da bizə insan sivilizasiyası, innovasiyalar və tərəqqiyə mühüm töhfə verən tərəf kimi öz həqiqi yerimizi yenidən tutmaq imkanını verəcək.

Zati aliləri, müsəlman ölkələrinin səfirləri və diplomatik missiyalarının rəhbərləri adından mən Sizə və ailənizə möhkəm cansağlığı, səadət və uğurlar arzu edirəm. Qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Allah Sizi, Azərbaycanı və bizim İslam ümmətimizi qorusun! Çox sağ olun, cənab Prezident.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_muselman_olkelerinin_Azerbaycandaki_sefirlerini_ve_diplomatik_numayendeliklerinin_rehberlerini_qebul_edib__YENILANIB_2_VIDEO-1168032

Arxiv üzrə axtarış