2018-06-08

ABŞ-ın Santa Monika şəhərinin meri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb

ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar 2018-ci il 28 may tarixini Azərbaycan Milli Günü elan edib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, bununla bağlı şəhər meri Ted Vinterer tərəfindən müvafiq bəyannamə imzalanıb.

Baş konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə, həmçinin qeyd olunur ki, Los-Ancelesdəki baş konsulluğu vasitəsilə Azərbaycan Santa Monika şəhəri ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda 28 may tarixi Santa Monika şəhərində Azərbaycan Milli Günü elan edilir.

https://azertag.az/xeber/1170278

Arxiv üzrə axtarış