2018-06-13

Novruz Məmmədov: Bakının “Ekspo 2025” sərgisinə ev sahibi seçilmək şansı daha çoxdur VİDEO

Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında üzv dövlətlər qarşısında “Ekspo 2025” sərgisinə namizəd şəhərlərin təqdimatı keçirildi. 2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Azərbaycan Respublikasının təqdimatı çox maraqlı oldu. Ölkəmizin təqdimatı yüksək səviyyədə təşkil edilmişdir.

Bu fikri Azərbaycanın Baş naziri, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Novruz Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.

“Ümumiyyətlə, belə böyük universal sərgilərin təşkili planetimizin həyatında mühüm hadisədir. Belə bir sərgini təşkil etmək hüququ qazanan ölkə öz imkanları haqqında dünyaya, beynəlxalq birliyin üzvlərinə ətraflı məlumat vermək imkanı əldə edir. Belə böyük sərgilər uzunmüddətli olur. Onlara xüsusi hazırlaşmaq lazımdır”, - deyə Baş nazir vurğulayıb.

Novruz Məmmədov bildirib ki, Azərbaycan gənc müstəqil dövlət olsa da, müstəqillik illərində çox böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bizim bu sahədə zəngin təcrübəmiz var. Bugünkü üç namizəd şəhərin təqdimatı arasında Azərbaycanın təqdimatı daha uğurlu, maraqlı və perspektivli idi. Ölkəmizin irəli sürdüyü mövzu, bu mövzu ətrafında qaldırılan məsələlər olduqca əhəmiyyətlidir və diqqəti daha çox cəlb edir. Bu baxımdan hesab edirəm ki, ölkəmizin seçilmək şansı daha çoxdur.

Baş nazir Novruz Məmmədov deyib: “Bu il noyabrın 22-si və 23-də burada, bu zalda səsvermə mərhələsi olacaq. İnanıram ki, səsvermə Azərbaycan üçün uğurlu olacaq. Ümumiyyətlə, belə bir mühüm tədbirdə Azərbaycanın iştirakının özü elə böyük hadisədir. Ancaq tam uğurumuz üçün hələ çox çalışmalıyıq”.

https://azertag.az/xeber/Novruz_Memmedov_Bakinin_Ekspo_2025_sergisine_ev_sahibi_sechilmek_sansi_daha_choxdur_VIDEO-1172352

Arxiv üzrə axtarış