2018-06-21

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı işə başlayıb YENİLƏNİB VİDEO

İyunun 20-də “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr edilib.

İkigünlük tədbirdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova konfransın açılışında çıxış edərək ölkəmizin inkişafı, onun təşəbbüsü və iştirakı ilə reallaşdırılan uğurlu layihələr barədə məlumat verib. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, gördüyü mühüm işlər haqqında danışıb. Qeyd edib ki, hüquqi və dünyəvi respublika nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşüb. Xalq Cümhuriyyəti bir çox Avropa ölkələrindən öncə qadınlara səsvermə hüququ verib. Cümhuriyyət nəinki müstəqil dövlətimizin idarəetmə qaydalarını, eyni zamanda, bunun üçün zəruri olan orqanları, yəni, ilk parlamenti, hüquq mühafizə və təhlükəsizlik orqanlarını, ilk milli ordumuzu yaratdı.

Elmira Süleymanova qeyd edib ki, 1993-cü il iyunun 15-də xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən hərtərəfli köklü islahatlar nəticəsində müstəqilliyimiz dayanıqlı inkişaf mərhələsinə qədəm qoydu. 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Əsrin müqaviləsi” ölkəni dərin siyasi və iqtisadi böhrandan çıxardı, sürətli iqtisadi inkişaf, insanların sosial rifahının yüksəlməsi, bütün sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının təmin olunması, konseptual əsaslarla milli fəaliyyət planları və proqramlarının qəbul edilməsi üçün real imkanlar yaratdı.

Ombudsman, həmçinin Azərbaycanın dünya arenasındakı mövqeyindən söz açaraq ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın mövzusunun əhəmiyyəti və aktuallığından danışıb. 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladan sədr bu hadisənin nə dərəcədə əhəmiyyətli olduğunu keçirilən silsilə tədbirlərin də sübut etdiyini deyib. “Bu il həm də ona görə əlamətdardır ki, müasir Azərbaycanın qurucusu, dövlət müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevin 95 illik yubileyi təntənə ilə qeyd olunur. Müstəqil Azərbaycanın ilk müstəqil Konstitusiyası ulu öndər Heydər Əliyevin şah əsərlərindəndir. Konstitusiyaya edilən dəyişikliklərdən sonra ombudsmana Azərbaycan Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan çox səmərəli istifadə edir. Biz birgə fəaliyyət göstərməklə mövcud problemlərin aradan qaldırılmasına çalışırıq. İnsan hüquq və azadlıqlarının təmin edilməsində Ombudsman təsisatının rolu böyükdür”, - deyə Fərhad Abdullayev vurğulayıb.

Fərhad Abdullayev bildirib ki, hər bir dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu da Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Azərbaycanda hüquqi dövlətin inkişafı bizim müstəqil siyasətimizlə bağlıdır.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən məqsədyönlü işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan hökuməti, parlamenti, cəmiyyəti bununla bağlı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır. Bu sahədə Ombudsman təsisatının rolunu xüsusi qeyd etmək lazımdır.

“Ombudsman dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayır, problemlərin həlli ilə bağlı təşəbbüslə çıxış edir. Azərbaycan Milli Məclisində ombudsmanın xeyli təklifini müzakirə etmişik. Azərbaycanda 1990-cı illərdə, müstəqilliyin ilk illərində insan hüquq və azadlıqları sahəsində bir sıra problemlər mövcud idi. Həmin problemlər tez bir zamanda aradan qaldırıldı, insan hüquq və azadlıqları sahəsində mühüm işlər görüldü”, - deyə Milli Məclisin sədr müavini qeyd edib.

Bahar Muradova bildirib ki, 18 iyun tarixi bütün ölkələrdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda da bu gün 2007-ci ildən Prezident İlham Əliyevin Sərəncamına əsasən qeyd edilir.

Bu gün dünyada milyonlarla qaçqının olduğunu diqqətə çatdıran Bahar Muradova qeyd edib ki, hər bir dövlət, xalq üçün təhlükəsiz mühit yaradılmalıdır. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların məsuliyyətsizliyi ucbatından bu problemlər həll edilmir. İnsanlar ayrı-seçkiliyə məruz qalırlar. Beynəlxalq ictimaiyyət hər bir insan üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər bir insan bundan bəhrələnməlidir. Hər kəs insan hüquqlarını pozanlara qarşı vahid cəbhədə mübarizə aparmalıdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai bildirib ki, Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilib. O, bu il Azərbaycan Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyinin qeyd olunduğunu, Şərqdə qadınlara ilk dəfə seçki hüququnun məhz Azərbaycanda verildiyini söyləyib.

Bildirilib ki, BMT-nin insan hüquqları ilə bağlı doqquz sənədindən səkkizi Azərbaycanda ratifikasiya olunub. BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlıq qurulub. Qaçqın və məcburi köçkünlərlə bağlı silsilə tədbirlər keçirilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyi yetmiş il ərzində insan ləyaqətinin möhkəmlənməsi istiqamətində mühüm işlər görülüb. Biz Azərbaycanda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm işlər görürük və görəcəyik.

Açılışdan sonra konfrans işini plenar iclasla davam etdirib.

İclasın moderatoru BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov konfransın əhəmiyyətini qeyd edib. O, tədbirin insan hüquqları təsisatlarının müsbət təcrübələrinin bölüşülməsi baxımından vacibliyini vurğulayıb.

Plenar iclasda ombudsman Elmira Süleymanova “Azərbaycanda hüquq bərabərliyi: qanunvericilik və icra mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib.

Türkiyənin baş ombudsmanı Şərəf Malkoç “Qaçqınların iqtisadi və sosial inteqrasiyası və ombudsman” mövzusunda çıxışında qeyd edib ki, bu gün 65 milyondan çox insan öz evindən didərgin düşüb. Bunların müxtəlif səbəbləri olsa da, başlıca səbəb müharibə və münaqişələrdir. Türkiyədə hazırda 3,5 milyon Suriya qaçqını yaşayır və onlar üçün lazımi şərait yaradılıb. Bu insanlar pulsuz müayinə olunurlar. Onların bir milyondan çoxu Türkiyə xəstəxanalarında pulsuz əməliyyat edilib. Türkiyədə anadan olan suriyalı qaçqınların sayı 276 minə çatıb. Suriyalı uşaqların 700 mini Türkiyə məktəblərində təhsil alır. Türkiyə dövləti indiyədək Suriya qaçqınlarına 30 milyard dollara yaxın vəsait xərcləyib.

“Dövlət gənclər siyasətinin prioritet istiqamətləri” mövzusunda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, insan hüquqlarının tam və səmərəli təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən insan hüquqlarına dair ilk dövlət proqramı, daha sonra Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı və 2011-ci ildə insan hüquq və azadlıqlarının səmərəliliyinin artırılması sahəsində ilk Milli Fəaliyyət Proqramı təsdiq edilib. Bu üç strateji sənəd ölkəmizdə insan hüquqlarının sürətli, sistematik və ardıcıl inkişafı üçün yol xəritəsi olub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil təsisatı illər ərzində ölkə vətəndaşlarının hüquqlarının qorunması sahəsində yüksək səviyyədə fəaliyyət qurub.

Nazir qeyd edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri məhz onların maarifləndirilməsi və hüquqlarının təmin edilməsidir. Gənclər və İdman Nazirliyi tərəfindən bu sahədə müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Tələbə və gənclər təşkilatlarının nümayəndələri üçün hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının əsasları, insan hüquqları və gender bərabərliyi mövzularında təlim kursları, regionlarda ictimai fəal gənclər üçün “Hüquqlarını tanı” devizi altında erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılması üçün seminarlar və gender həftəliyi kimi tədbirlər təşkil olunur.

“Gender bərabərliyinin təmin olunmasında Azərbaycan təcrübəsi” mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Hicran Hüseynova bildirib ki, bu gün ən vacib məsələlərdən biri gender bərabərliyidir. Əgər cəmiyyətin yarısından çoxunu qadınlar təşkil edirsə, onların hüquqlarının müdafiəsinin gücləndirilməsi əsas məsələlərdən biri olmalıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu deyən Hicran Hüseynova söyləyib ki, bu il, eyni zamanda, Şərqdə qadınlara ilk seçki hüququnun verilməsinin də 100 illiyidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmiz çox böyük nailiyyətlər qazanıb. Azərbaycanın müstəqilliyinin bərpası da çox çətin dövrə təsadüf edib. Həmin dövrdə qadın hüquqlarından danışmaq çox çətin idi. Ulu öndər Heydər Əliyev 1995–ci ildə mühüm qərar qəbul edərək Azərbaycan nümayəndə heyətini Çində keçirilən Qadın Konfransına göndərdi. Həmin konfransdan sonra ölkəmizdə bu istiqamətdə mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycanda qadın problemləri ilə məşğul olan Komitə yaradıldı.

Hicran Hüseynova qeyd edib ki, Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam və inkişaf etdirilir. 2006-cı ildə gender bərabərliyi, 2010-cu ildə məişət zorakılığı ilə bağlı qanunlar qəbul olunub. Həmçinin nikah yaşının artırılması, nikaha daxil olmadan tibbi müayinələrlə bağlı sənədlər qəbul edilib.

Bu gün Azərbaycanda sahibkar qadınların sayının artması istiqamətində görülən işlərin sevindirici olduğunu söyləyən komitə sədri deyib: “Azərbaycanda bu işə başlayanda qadın sahibkarların sayı dörd faiz idisə, hazırda bu rəqəm otuz faizə qədər yüksəlib. Bu gün Azərbaycan qadını hər bir sahədə fəaldır. Milli Məclisdə, məhkəmələrdə, dövlət orqanlarında, elm-təhsil sahəsində qadınlarımız fəallıq nümayiş etdirirlər.

Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Ülkər Bayramova “Naxçıvanda əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyi” mövzusunda çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkəmizdə bu sahəyə göstərilən diqqətin təzahürü olmaqla yanaşı, insan hüquqlarının davamlı inkişafına da öz töhfəsini verib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla 18 iyunun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü elan olunması isə bu sahənin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsinin bariz nümunəsidir.

Qeyd edilib ki, ötən illər ərzində ölkədə bu sahədə keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da davam etdirilib. İnsan hüquq və azadlıqları, o cümlədən əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və daha səmərəli təmin edilməsi məqsədilə məhkəmədənkənar müdafiə mexanizmləri formalaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2006-cı ildə “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Həmin Fərmana əsasən muxtar respublikada insan hüquqlarının yeni və alternativ müdafiə mexanizmi olan müvəkkil təsisatının maddi-texniki bazası formalaşdırılıb, fəaliyyəti təmin edilib.

Plenar iclasda, həmçinin Əfqanıstan İslam Respublikasının ombudsmanı Ahmaz Zai Langari “Münaqişə vəziyyətində ombudsmanın rolu”, Bolqarıstan Respublikasının Ayrı-Seçkiliklə Mübarizə üzrə Komissiyasının sədri Ana Dyumaliyeva “Hüquq bərabərliyinin təmin və təşviqində Ayrı-Seçkiliklə Mübarizə üzrə Komissiyanın çətinlikləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra konfrans işini sessiyalarla davam etdirib.

“Əhali qruplarının hüquqlarının müdafiəsi: bərabər hüquqlar üçün bərabər təminatlar” adlı birinci sessiya Rusiya Federasiyası Tatarıstan Respublikasının ombudsmanı Sariya Saburskayanın moderatorluğu ilə keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov sessiyada “Əhalinin həssas qruplarının sosial müdafiəsi məsələləri” mövzusunda çıxış edib. O, əhalinin rifah halının yaxılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, həyata keçirilən islahatlar barədə danışıb.

Sonra ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin “Hüquq bərabərliyi prinsipinin həyata keçirilməsində ədliyyə təsisatlarının rolu” mövzusunda çıxışı dinlənilib. Bərabərliyin insan hüquqlarının fundamental prinsiplərindən biri olduğunu vurğulayan nazir müavini insan hüquqları və azadlıqlarının qorunmasında ədliyyə orqanlarının rolu barədə söhbət açıb.

Rusiya Federasiyası Dağıstan Respublikasının ombudsmanı Camal Aliyev “Azadlıqdan məhrumetmə yerlərində vətəndaşların hüquq və azadlıqlarının təmin olunması” mövzusunda məruzə ilə çıxış edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi: mövcud vəziyyət və çətinliklər” mövzusunda çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sessiyada, həmçinin Serbiyanın ombudsmanı Zoran Paşaliç “Serbiya Respublikasında gender bərabərliyi” mövzusunda məruzə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Dini etiqad azadlığının müdafiəsi: Azərbaycan təcrübəsi” adlı məruzəsində ölkəmizdəki tolerant mühit barədə danışıb, burada dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğunu diqqətə çatdırıb.

Konfransın “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda ikinci sessiyası Gürcüstan xalq müdafiəçisinin müavini Yekaterina Sxiladzenin moderatorluğu ilə baş tutub.

Sessiyada Azərbaycan Respublikası baş prokurorunun müavini Namiq Əsgərov “Qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti insan hüquq və azadlıqlarının səmərəli hüquq müdafiə vasitəsi kimi”, daxili işlər nazirinin müavini İsmət Əliyev “İnsan hüquqlarının müdafiəsi sahəsində polis orqanlarının fəaliyyəti”, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev “Soyqırımı cinayətlərinə görə beynəlxalq hüquqi məsuliyyət”, Rusiya Federasiyası Tatarıstan Respublikasının ombudsmanı Sariya Saburskaya “Məhkumların cəza müddəti və sonrakı dövrdə hüquqlarının təmininə dəstək: İnsan hüquqları üzrə müvəkkilin dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə əlaqələri”, Moskva şəhərinin ombudsmanı Tatyana Potyayeva “İnsan hüquqlarının müdafiəsi sahəsində Moskva ombudsmanının fəaliyyəti”, Makedoniya Respublikasının ombudsmanı İdcet Memeti “Makedoniya Respublikasının ombudsmanı: başlanğıc, inkişaf və çətinliklər”, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni “İnsan hüquqlarının müdafiəsi və təşviqində QHT-lərin rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini iyunun 21-də başa çatdıracaq. Yekunda Bakı Bəyannaməsi qəbul olunacaq.

https://azertag.az/xeber/Ombudsmanlarin_XV_Baki_Beynelxalq_Konfransi_ise_baslayib_YENILANIB__VIDEO-1173189

Arxiv üzrə axtarış