Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO
Sentyabrın 1-də sənədlərin imzalanması mərasimi başa çatandan sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bəyanatla çıxış etdi.
-Hörmətli xanımlar və cənablar.
Yadınızdadırsa, avqustun ortalarında Azərbaycan Prezidenti İlham Əliyevlə Xəzər Sammitində iştirak edirdik. Həmin Sammitin yekununa görə Xəzər dənizinin hüquqi statusu ilə bağlı mühüm Konvensiya imzalandı. Bu gün isə ölkəmizə səfərə gələn Azərbaycan Respublikasının Prezidentini böyük məmnuniyyətlə qəbul edirik.
Bir qədər əvvəl konstruktiv və işgüzar şəraitdə keçən danışıqlar başa çatdı. Qeyd edim ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib. İlk növbədə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir.
İkitərəfli iqtisadi əlaqələrə gəlincə, onlar çox fəal inkişaf edir. 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir.
İlham Heydər oğlu ilə müzakirə etdiyimiz bir neçə uğurlu birgə layihəni xatırladım. Məsələn, “KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir. Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək. Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dəmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də Şimal-Cənub dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir.
Regionlararası əməkdaşlıq mövzusunu da müzakirə etdik. Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Bu ilin oktyabrında növbəti regionlararası forum keçiriləcək. Bayaq müzakirə etdik ki, bu tədbir Gəncədə planlaşdırılmışdı, amma ola bilər dostlarımız bunu Bakıda təşkil etsinlər.
Mədəniyyət və təhsil sahəsində ikitərəfli əlaqələrin zənginliyini məmnunluqla qeyd etdik. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları müntəzəm keçirilir. Forumun ilin sonunda Bakıda keçiriləcək növbəti 6-cı iclasına 500-dən çox iştirakçının gələcəyi gözlənilir.
Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.
Sonda Azərbaycan Prezidentinə, bizim bütün azərbaycanlı dostlarımıza, həmkarlarımıza məzmunlu və məhsuldar danışıqlara görə təşəkkür etmək istərdim. Əminəm ki, əldə olunmuş razılaşmalar Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək göstərəcək. Diqqətinizə görə, təşəkkür edirəm.
- Hörmətli Vladimir Vladimiroviç.
Hörmətli xanımlar və cənablar.
Vladimir Vladimiroviç, ilk növbədə, Rusiyaya səfərə dəvətə, qonaqpərvərliyə, səmimi qəbula görə Sizə təşəkkürümü bildirmək istərdim.
Siz qeyd etdiyiniz kimi, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz son üç ayda üç dəfə görüşmüşük. Bu, üçüncü görüşümüzdür. İyunda Moskvada Futbol üzrə Dünya Çempionatı ərəfəsində, avqustda Qazaxıstanda və bu gün Soçidə görüşürük. Fürsətdən istifadə edib, Rusiyanı həmin qlobal beynəlxalq tədbiri uğurla keçirməsi, Rusiya yığmasını Dünya Çempionatında parlaq çıxışı münasibətilə bir daha təbrik etmək istərdim.
Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik. Vladimir Vladimiroviç bu gün bu barədə çox ətraflı danışdı.
Qeyd etmək istərdim ki, bizim müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə, uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək.
Biz iqtisadi məsələlər üzərində ətraflı dayandıq və əmtəə dövriyyəsinin artdığını, gələcək üçün böyük perspektivləri məmnuniyyətlə qeyd etdik. Bu gün müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir.
Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Vladimir Vladimiroviç dediyi kimi, çoxlu investisiya layihələri həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün daha yaxşı şərait yaradılmasını gözləyirik. Əlbəttə, bu işdə nəqliyyat layihələri çox mühüm rol oynayır.
Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Vladimir Vladimiroviç Şimal-Cənub layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq.
Bu gün neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalandı. Bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir. Çox yaxşı potensial və perspektivlər var. Vladimir Vladimiroviç Azərbaycanda bir sıra mühüm nəqliyyat, infrastruktur, sənaye layihələrinin həyata keçirilməsində Rusiya banklarının fəal iştirakını qeyd etdi. Biz bunu çox alqışlayırıq.
Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır.
Humanitar sahədə əməkdaşlıq diskussiyalarımızda xüsusi yer tutdu. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur. Bu gün biz humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsinə dair gələcək addımlarımızı müzakirə etdik, o cümlədən idman sahəsində imzalanmış sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Başqa sözlə, ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır.
Vladimir Vladimiroviç, dəvətə, baş tutmuş fikir mübadiləsinə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Öz növbəmdə, Sizin üçün münasib vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istərdim. Sağ olun.
Vladimir PUTİN: Çox sağ olun.