2018-10-30

Prezident İlham Əliyev Mərakeşin inzibati islahatlar və dövlət qulluğu nazirini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında münasibətlərin yaxşı inkişaf etdiyini bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi, regional inkişaf sahələrində də yaxşı nəticələrin olmasının zəruriliyini qeyd edən Prezident İlham Əliyev Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcəyinə və ölkəmiz haqqında daha ətraflı məlumat alması işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader qeyd etdi ki, Azərbaycan Prezidenti ilə görüşü ölkələrimiz arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etdirilməsinin yaxşı bir nümunəsidir və siyasi iradənin təzahürüdür. Ölkəsinin də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Məhəmməd bin Abdelkader bildirdi ki, Azərbaycan Prezidentinin səyləri və rəhbərliyi sayəsində ölkəmiz davamlı inkişafa nail olub və Azərbaycanın əldə etdiyi nailiyyətlər Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd və Mərakeş xalqı tərəfindən böyük iftixarla qəbul olunur. Qonaq, eyni zamanda, dünya əhəmiyyətli mühüm tədbirlərin, o cümlədən Bakı Humanitar Forumu, Avropa Oyunları, Avroviziya mahnı müsabiqəsi, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığı arasında imzalanmış Memorandumun əhəmiyyətindən danışıldı, Azərbaycanın bu sahədə təcrübəsinin Mərakeşdə tətbiq olunmasının önəmi qeyd olundu. Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı tarixə malik olduğu vurğulandı, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edildi.

Məhəmməd bin Abdelkader bildirdi ki, Azərbaycan Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyi kimi, öz növbəsində, Mərakeş də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Merakesin_inzibati_islahatlar_ve_dovlet_qullugu_nazirini_qebul_edib_YENILANIB-1209625

Arxiv üzrə axtarış