Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO
Noyabrın 19-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Belarus Prezidenti Aleksandr LUKAŞENKO dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar.
Sizi Belarusun paytaxtında salamlamağa ürəkdən şadam. Bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd edildi. Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəlmişik. Əsrin dörddəbiri ərzində ikitərəfli dialoq strateji xarakter alıb. Dövlətlərarası etimadın yüksək səviyyədə olması təsadüfi deyil. Bunun əsasını Belarus və Azərbaycan xalqlarının qədim dostluq ənənələri təşkil edir. Bu, hətta ən mürəkkəb məsələləri də konstruktiv şəraitdə müzakirə etməyə imkan verir. Vurğulamalıyam ki, Belarus ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir. Azərbaycan ilə əmtəə dövriyyəsinin müsbət dinamikasına baxmayaraq, onun həcmi optimal səviyyədən uzaqdır. Bu gün biz Prezidentlə bu barədə xeyli söhbət etdik. Biz əmtəə dövriyyəsinin artırılması üçün potensialın olduğunu görürük. İqtisadiyyatın inkişafına Prezidentlə bizim baxışlarımızın oxşar olması sayəsində geniş istehsal kooperasiyası üçün təməl yaradılıb. Belarusda maşınqayırmanın flaqmanları olan Minsk traktor zavodu, Minsk avtomobil zavodu, habelə Gəncə avtomobil zavodu bu işin layiqli nümunəsini nümayiş etdiriblər. Gəncədə artıq 10 mindən çox traktor və 3500 vahid avtotexnika yığılıb.
Bu gün biz əməkdaşlığın prinsipcə yeni mərhələsinə - üçüncü ölkələrin bazarlarının birgə mənimsənilməsinə başlamağa hazırıq. Vaxtilə biz bu barədə yalnız arzu edirdik. Minsk və Gəncə zavodlarının iştirakı ilə Türkiyə üçün traktorların buraxılışı layihəsi yüksək hazırlıq səviyyəsindədir. Gələcək məhz bu cür təşəbbüslərindir, onlara istiqamətlənmək lazımdır. Azərbaycana elektrobuslar, liftlər, taxılyığan kombaynlar və digər kənd təsərrüfatı texnikası göndərilməsi və onların orada yığılması kimi istiqamətlər üzrə perspektivlər var. Biz vaxtilə öz kombaynlarımızın istehsalı barədə qərar qəbul etməyə məcbur olduq və yanılmadıq. Biz bu texnikanın sizdə birgə istehsalını yaratmağa və hətta Azərbaycandan daha çox üçüncü ölkələr üçün işləməyə hazırıq. Ona görə ki, sizin qonşularınızın bu texnikaya ehtiyacı Azərbaycanın özünün ehtiyacından xeyli çoxdur. Odur ki, biz MAZ və MTZ prinsipləri üzrə bu texnikanın Azərbaycanda birgə istehsalı ilə məşğul olmağa hazırıq.
Bundan əlavə, aqrar sahədə əlaqələri genişləndirmək, ərzaq məhsullarının qarşılıqlı satışını artırmaq lazımdır. Azərbaycan istehlakçısının bizim süd, ət, balıq məhsullarımıza, qənnadı məmulatlarımıza tələbatı var. Beynəlxalq ticarət ikitərəfli ticarətdir. Buna görə də Belarus bazarında sizin malların artırılmasına maraq var. Bu gün Prezident baş çəkdiyi Ticarət Evi haqqında danışdı. Gələcəkdə bu şəbəkəni inkişaf etdirərək vilayət mərkəzlərinə keçmək nəzərdə tutulur. Tanrının izni ilə, bu mağazalar və bu ticarət evləri sizin məhsullarla dolu olacaq. Həmin məhsulları təkcə belaruslar almır. Ukrayna hadisələri ilə əlaqədar bütün axınlar Belarusdan keçir, Azərbaycan məhsullarına çox böyük tələbat var. Xüsusən ona görə ki, azərbaycanlılar ticarəti bacaran ən yaxşı adamlardır, mən bunu həmişə etiraf etmişəm. Bunu necə etməyi biz sizdən öyrənməliyik. Bununla əlaqədar keçən il Minskdə Ticarət Evi açılmasını alqışlayıram. Biz bu layihəyə maksimum dəstək veririk, əmtəə dövriyyəsinin tarazlaşdırılmış artımı istiqamətləri üzrə təklifləri bundan sonra da dəstəkləmək niyyətindəyik.
Siz lap yaxın vaxtlarda Türkiyədə neft emalı kompleksi inşa etmisiniz. Azərbaycanlı sərmayədarların Belarusa gəlişinə şad olarıq və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırıq. İndi Azərbaycan Dövlət Neft Şirkətinin “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir. Biz bu cür səyləri alqışlayırıq.
Nəqliyyat-logistika sahəsində xeyli ehtiyatlar var. Məsələn, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması və “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsü çərçivəsində dəmir yollarının çəkilişi. Biz həmin layihələrə bu və ya digər şəkildə qoşulmuşuq. Fikrimcə, əczaçılıq üzrə birgə müəssisələrin yaradılması, habelə informasiya-kommunikasiya texnologiyaları, elm və mədəniyyət sahələrində səylərin əlaqələndirilməsi perspektivli olacaq. Biz Azərbaycan üçün, özü də sizə lazım olacaq bütün ixtisaslar üzrə lazımi qədər kadrlar hazırlanmasını davam etdirmək əzmindəyik. O cümlədən sizin xilasedicilərin Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alması yolu ilə.
Hüquq-mühafizə strukturlarının, sosial-müdafiə qurumlarının, aqrokompleksin, xüsusi rabitə və informasiyalaşdırma sahələrinin əməkdaşları arasında ənənəvi sıx və fəal ikitərəfli əlaqələr dəstəklənir. İmzalanmaq üçün hazırlanmış sazişlər bizim əməkdaşlığımızı daha da səmərəli edəcək. Belarus ikinci Avropa Oyunlarının müdiriyyəti ilə əməkdaşlıq edən azərbaycanlı məsləhətçilərə, Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkür edir. Gələn il keçiriləcək Oyunların təşkili məsələsində göstərdiyiniz fəal köməyə və dəstəyə görə sizə təşəkkür edirəm və təbii ki, sizin hamınızı həmin Oyunlarda gözləyirik.
Bir daha vurğulayıram, Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaş olub və olaraq qalır. Biz sizinlə dostluğumuzu yüksək qiymətləndiririk və Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazırıq. Bizdə əməkdaşlıq üçün qapalı mövzular yoxdur. Biz heç vaxt hansısa üçüncü, beşinci ölkələrə qarşı əməkdaşlıq etməmişik. Biz xalqlarımızın rifahı üçün nə lazımdırsa edirik. Hər hansı gizli, qapalı mövzular yoxdur və heç vaxt olmayacaq. Biz bütün dünya üçün səmimi və açığıq, bizim qarşılıqlı münasibətlərimiz də elədir.
Hörmətli İlham Heydər oğlu, Sizi və nümayəndə heyətinizin üzvlərini Belarus torpağında bir daha salamlayıram. Bilin ki, siz bizim üçün həmişə arzu edilən qonaqlarsınız. Təşəkkür edirəm.
X X X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli Aleksandr Qriqoryeviç, ilk növbədə, dəvətə görə Sizə bir daha təşəkkür etmək istərdim. Belarusa səfər bizə həmişə xüsusi sevinc bəxş edir. İlk növbədə, Sizi və bütün Belarus xalqını ölkənizin sosial-iqtisadi inkişafında qazandığınız nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən Belarusa müntəzəm səfər edən bir şəxs kimi ölkənizin necə dinamik və səmərəli inkişaf etdiyini görürəm. Bizim münasibətlərimiz ölkələrimiz arasındakı səmimiyyəti və əməkdaşlığı yaxşı nümayiş etdirir. Biz bütün məsələlərlə bağlı qarşılıqlı fəaliyyət göstəririk və qəbul edilən qərarlar hökmən həyata keçirilir. Bu gün Siz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini qeyd etdiniz. Mən də öz növbəmdə qeyd etmək istərdim ki, biz bütün istiqamətlər üzrə fəal irəliləyiş olduğunu və yaxşı nəticələr qazanıldığını görürük. Bizim hər görüşümüz münasibətlərimizə təkan verir və konkret layihələrin həyata keçirilməsinə doğru aparır. Biz görülmüş işlərə yekun vururuq, gələcək qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yollarını müəyyənləşdiririk və qəbul etdiyimiz qərarları səmərəli şəkildə həyata keçiririk.
Beynəlxalq münasibətlər sahəsində əməkdaşlıq da həmişə çox səmərəli və proqnozlaşdırıla biləndir. Biz həmişə bir-birimizi dəstəkləyirik və düşünürəm ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bizim münasibətlərin səmimiliyini yaxşı nümayiş etdirir. Biz şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Həm keçən il, həm də bu il əmtəə dövriyyəsini xeyli artırmağımıza baxmayaraq, onun artım dinamikası davam edir. Siz qeyd etdiyiniz kimi, sənaye kooperasiyası sahəsində müstəsna müsbət nəticələr əldə edilib. Lakin biz əməkdaşlığı davam etdirmək, qazanılmış səviyyə ilə kifayətlənməmək fikrindəyik. Ona görə ki, sənaye sahəsində əməkdaşlıq potensialını bundan sonra da artırmaq üçün hələ çox iş görmək olar.
Fikrimcə, bizim gələcək əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsi ilə bağlı olacaq. Siz çıxışınızda Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etdiniz. Azərbaycan öz ərazisində bu dəhlizin fəaliyyəti ilə əlaqədar bütün işləri başa çatdırıb. İndi biz bu gün xeyli yük daşımağa qabil olan nəqliyyat infrastrukturumuzun daha da modernləşdirilməsi məsələləri ilə məşğuluq. Azərbaycan həm də Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Düşünürəm ki, bu iki mühüm nəqliyyat marşrutu üzrə ölkələrin fəaliyyətinin əlaqələndirilməsi əməkdaşlıq üçün tamamilə yeni şərait yaradacaq, on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq, ölkələrimiz arasında yük axınını xeyli artıracaq. Təsadüfi deyil ki, hökumətlərarası komissiyanın dünənki iclasında mühüm mövzulardan biri nəqliyyat sahəsi ilə bağlı məsələlər olub.
Əlbəttə, biz Belarusun ikinci Avropa Oyunlarını keçirməyə necə fəal hazırlaşdığını diqqətlə izləyirik. Bu, təbiidir, birincisi ona görə ki, biz dostlarıq. İkincisi, birinci Oyunlar Bakıda keçirilib. Biz inanırıq ki, yaradılmış idman infrastrukturu, qonaqların qalmaları üçün gözəl şərait, habelə Belarusun beynəlxalq tədbirlərin təşkili sahəsində nümayiş etdirdiyi yüksək səviyyə Oyunların da çox yüksək səviyyədə keçirilməsinə imkan verəcək.
Siz qeyd etdiyiniz kimi, biz kənd təsərrüfatı, təhsil və elm sahələrində əməkdaşlığa da böyük diqqət yetiririk. Daha doğrusu, bizim çox yaxşı nəticələr əldə etdiyimiz sahələri sadalamaqdansa, fəal əməkdaşlıq etmədiyimiz sahələri sadalamaq daha asan olar. Bizim münasibətlərimizin başlıca əsası qarşılıqlı dəstək, qarşılıqlı hörmət və qarşılıqlı etimadın yüksək səviyyəsidir. Düşünürəm ki, biz bu əsasda birgə səylərimizlə ölkələrimiz, xalqlarımız üçün yaxşı imkanlar yaradacaq, münasibətlərimizi daha da inkişaf etdirəcəyik. Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır. Əminəm ki, mənim bugünkü səfərim münasibətlərimizə yeni təkan verəcək.
Qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm və əminəm ki, yaxşı nəticələr ölkələrimiz arasında daha sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq. Sağ olun.