2018-11-28

Şəkidən olan nümayəndə heyəti Kolmar şəhərində səfərdədir

Şəki şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Fransanın Kolmar şəhərində səfərdədir.

Səfər Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin iki ölkə regionları arasında əlaqələrin inkişafı istiqamətində apardığı birgə fəaliyyət nəticəsində Kolmar və Şəki şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində reallaşıb.

AZƏRTAC xəbər verir ki, Kolmar şəhərinin meriyasında mer Jilber Meyerlə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq müzakirə edilib. Görüşdə dostluq və əməkdaşlıq xartiyasının əhəmiyyətinə toxunularaq, onun ikitərəfli münasibətlərə töhfə verdiyi diqqətə çatdırılıb. Dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin önəmi vurğulanıb. Təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi nəzərdən keçirilib.

Tərəflər ipəkçilik və toxuculuq sahələrində əməkdaşlığın perspektivləri, ölkəmizin ixrac potensialının Fransada təşviqi, Şəkidə istehsal olunan lavand və qızılgül yağlarının Fransaya ixrac imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Qarşılıqlı mütəxəssis mübadiləsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, belə ikitərəfli əməkdaşlıq xalqların bir-birini yaxından tanımasına və daha da yaxınlaşmasına töhfə verir.

Səfər çərçivəsində nümayəndə heyəti Kolmarda ənənəvi Milad bayramı bazarının açılışında iştirak edəcək.

Görüşdə Fransadakı səfirliyimizin ikinci katibi Vüqar Əliyev də iştirak edib.

https://azertag.az/xeber/1217444

Arxiv üzrə axtarış