Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib YENİLƏNİB VİDEO
Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
İclasa sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı ilə Azərbaycanın QDİƏT sədrliyi regional bağlantı məsələlərinə diqqət ayırıb. O əminliyini bildirib ki, Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası fikir mübadiləsi aparmaq, təşkilat daxilində əməkdaşlığın cari vəziyyətini və növbəti birgə səylərimizin perspektivlərini müzakirə etmək üçün yaxşı imkan olacaq.
Nazir qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən regionda daxili bağlantının qurulmasına güclü dəstək verib. Son iki onillik ərzində Azərbaycan regional iqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləmiş enerji (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Cənub Qaz Dəhlizi: TANAP, TAP), nəqliyyat (Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Limanı) və İKT (TASIM) sahələrində bir sıra regional meqalayihələr təşəbbüsü ilə çıxış edib, əksəriyyətini həyata keçirib.
Azərbaycanın sədrliyi təşkilatımız çərçivəsində bağlantı məsələsinə xüsusi diqqət ayırıb. QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarət axınlarının genişlənməsinə daha da töhfə vermək məqsədilə Bakı İKT və nəqliyyat üzrə nazirlərin iki iclası da daxil olmaqla müxtəlif səviyyələrdə bir sıra görüşlər təşkil edib.
“Sədrlik prioritetlərimizə uyğun olaraq Azərbaycan, həmçinin təşkilatımız çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması məqsədini güdən islahatlar prosesi istiqamətində səylər göstərib. Bu xüsusda, inanırıq ki, bu səylər növbəti sədrlik tərəfindən dəstəklənəcək və QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən bu yaxınlarda hazırlanmış analiz sənədi bizə bu istiqamətdə kömək edəcək”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan Qara dəniz regionunun gələcək rifahına qətiyyətlə inanır və bu gələcəyin yalnız yaxşı qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurulmasından heç bir şübhəsi yoxdur. Regional əməkdaşlıq üçün, xüsusilə də QDİƏT məkanında, ən böyük maneələr həll olunmamış münaqişələrdir. Azərbaycan və Ermənistan üçün bu, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Azərbaycanın əsas mövqeyi QDİƏT nizamnaməsində də təsdiq edilən beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə əsaslanır. Hələ də davam edən işğalçılıq və özünütəcrid siyasəti Ermənistanı regionda iqtisadi artım və ticarət potensialından məhrum edir. Bu, həmçinin bir-birimizin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə ümumi regional ticarət qurmaq səylərimizə xələl gətirir. Ümid edirik ki, bu ölkənin xalqının mandatına əsasən Ermənistanda yeni bir hökumət formalaşdıqda gələn il irəliləyiş əldə etməliyik və bölgəyə sülh, sabitlik və tərəqqi gətirmək üçün yaxşı imkan yaratmalıyıq.
Elmar Məmmədyarov vurğulayıb ki, Azərbaycan QDİƏT-in səmərəliliyinin artırılması prosesinə sadiq qalır.
Qeyd edək ki, Azərbaycanın 2018-ci il iyulun 1-dən dekabrın 31-dək QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Azərbaycanın sədrliyinin əsas prioritetləri sırasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.
Azərbaycandan sonra QDİƏT-ə sədrlik Bolqarıstana keçəcək.