Azərbaycanın Fransadakı səfiri Evian-le-Bən şəhərində işgüzar səfərdədir
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Evian-le-Bən şəhərində işgüzar səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Rəhman Mustafayev şəhərin meri Jozian Ley ilə görüşüb.
Görüşdə Azərbaycanın İsmayıllı ilə Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyasının əhəmiyyəti vurğulanıb. Əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş layihələrdən söz açılıb. Fondun dəstəyi ilə Evian-le-Bən şəhərinin mərkəzində İsmayıllının şərəfinə salınmış “Azərbaycan Parkı”, bu parkda görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin ucaldıldığı, “Dostluq bulağı”nın istifadəyə verildiyi, İsmayıllı rayonunda isə Azərbaycan-Fransa dostluq parkının yaradıldığı diqqətə çatdırılıb. Qeyd edilib ki, belə layihələr iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edir.
Tərəflər iqtisadiyyat, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edərək, onun daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, səfir R. Mustafayev “Evian” su zavodunda olub. Zavodun fəaliyyəti ilə tanışlıq zamanı İsmayıllı və Evianın zəngin təbii ehtiyatlarından söz açılıb. Bildirilib ki, “Evian” suyu ixrac olunan postsovet ölkələri arasında Azərbaycan ön sıralardadır.
https://azertag.az/xeber/Azerbaycanin_Fransadaki_sefiri_Evian_le_Ben_seherinde_isguzar_seferdedir-