2018-12-22

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Parisdə qeyd olunub

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfir Rəhman Mustafayev çıxış edərək 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən bu bayram münasibətilə diaspor üzvlərini təbrik edib.

Səfir Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, onun əsas məqsədinin azərbaycanlıları birliyə, əməkdaşlığa çağırmaq olmasından söz açıb.

Fransa kimi bir ölkədə Azərbaycan icmasının həmrəyliyinin böyük önəm kəsb etdiyini deyən diplomat bu il Fransada Azərbaycanlıların Koordinasiya Şurasının yaradıldığını diqqətə çatdırıb. O, artıq Fransada səkkiz assosiasiyanın qeydiyyatdan keçdiyini bildirib.

Diplomat 2018-ci ildə fəallıq nümayiş etdirən diasporumuzun üzvlərinə təşəkkürünü bildirib və onları gələcəkdə daha da fəal olmağa çağırıb. O, gələn il müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinin tamam olduğunu və bu münasibətlə tədbirlər keçiriləcəyini diqqətə çatdırıb.

Sonra səfirliyin və “Ulduz” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan Xalq Respublikası-100” adlı esse yazı müsabiqəsinin qalibi Fidan Xəlilovaya sertifikat təqdim olunub.

Tədbir çərçivəsində bir qrup azərbaycanlı rəssamın əsərləri sərgilənib.

https://azertag.az/xeber/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_Parisde_qeyd_olunub-1226966

Arxiv üzrə axtarış