2019-03-14

Hikmət Hacıyev: Minsk qrupunun həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb VİDEO

ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyi ifadə olundu. Belə ki, bu bəyanatda əks olunan fikirlərin bir qismi Azərbaycan Respublikasının mövqeyini əks etdirir və biz hesab edirik, bu bəyanat məhz Ermənistana ünvanlamış bir bəyanatdır. Onun ünvan sahibi məhz Ermənistan Respublikasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 14-də VII Qlobal Bakı Forumunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Şöbə müdiri bildirib ki, danışıqlarda hər hansı şərtin qoyulması qəbuledilməzdir və danışıqlar olduğu şəkildə davam etdirilir. Bəyanatda, həmçinin qeyd olunur ki, aqressiv ritorika əsasında fikirlərin səsləndirilməsi də doğru deyil. Bundan başqa, həmsədrlər bəyanatda münaqişənin həlli ilə bağlı mərhələli həll prinsiplərini qeyd ediblər. Burada vurğulanır ki, Azərbaycan torpaqları işğaldan azad edilməli, məcburi köçkünlər geri qaytarılmalıdır. Bu, Helsinki Yekun Aktında da göstərilib. Xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır. Burada da Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır.

Ermənistan tərəfinin danışıqların formatını dəyişdirmək iddialarının əsassız olduğunu qeyd edən Hikmət Hacıyev bildirib ki, görüşlər də görüş naminə deyil, nəticəyönümlü olmalıdır.

https://azertag.az/xeber/Hikmet_Haciyev_Minsk_qrupunun_hemsedrlerinin_son_beyanati_mehz_Ermenistana_unvanlanib_VIDEO-1258520

Arxiv üzrə axtarış