Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb VİDEO
Aprelin 20-də Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Bu məktəb Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb. Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” məktəbi adlandırılan təhsil ocağının açılışına bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Məktəb fəaliyyətə başlayana qədər ərazidə yaşayan ailələrdən 25 uşaq məktəbdə şagird kimi qeydiyyatdan keçib.
Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi - Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, eyni zamanda, Fransada Azərbaycanlıların Koordinasiya Şurasının üzvü olan təşkilatların sədr və nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Fuad Muradov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə açılan “Qarabağ” məktəbinin əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. Məktəbə “Qarabağ” adının verilməsinin də xüsusi bir siyasi məna kəsb etdiyini bildirən sədr gələcəkdə bu adda məktəblərin açılmasının daha da geniş vüsət alacağını bildirib.
O, eyni zamanda, Fransada Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyindən də danışıb.
Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu çıxışında qeyd edib ki, Nantda Azərbaycan məktəbinin açılması vacib və əhəmiyyətli addımdır. O, bildirib ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və gələcəkdə məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.
Açılış mərasimində digər çıxış edənlər də Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu diqqətə çatdırıblar. Əminliklə qeyd ediblər ki, dövlətimizin başçısı tərəfindən uğurla həyata keçirilən diaspor siyasəti sayəsində gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq.
Yeni məktəbdə kitabxana da fəaliyyət göstərir ki, burada da ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb və gələcəkdə bu kitabxananın Komitə tərəfindən daha da zənginləşdirilməsi nəzərdə tutulub.
Məktəbin açılışında milli geyimli uşaqlar şeirlər söyləyib, “Sarı gəlin” mahnısının sədaları altında rəqs edib, yallı gediblər.