2019-04-22

Marqo dö Kastro: Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində təcrübədə oldum və bu, mənə Azərbaycanı yaxından tanımağa imkan yaratdı. Səfirlik, eləcə də Azərbaycanın Dostları Assosiasiyası ilə bu günə qədər davam edən sıx əlaqələrim var. Bunun sayəsində bu gün Azərbaycan-Montro-Fot-Yonn əlaqələri mənə həvalə edilib. Azərbaycanla əlaqələrin inkişafına töhfə verməyimə görə çox şadam.

Bu fikirləri Montro-Fot-Yonn Meriya Şurasının Azərbaycan üzrə əlaqələndirici Marqo Qomes dö Kastro AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib ki, Azərbaycanın bir neçə ildir Montro-Fot-Yonn şəhəri ilə əlaqələri var. “Bakı ulduzları” ansamblı Azərbaycan milli rəqslərini burada təqdim edib. Bu əlaqələrin inkişaf səviyyəsi qardaşlaşma layihəsinə gətirib çıxardı. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev şəhərimizə səfər etdi və mer Ceyms Şeronla əlaqələrin perspektivləri ilə bağlı müzakirələr apardı. Mədəniyyət və təhsil sahələrində əlaqələrimizi daha da genişləndirmək üçün böyük potensial var. Şəhərimizdə Rəqəmsal Akademiya fəaliyyət göstərir. Məqsəd distant təhsili təmin etməkdir. Müxtəlif universitetlərdə təhsil almaq tələbələr üçün bəzən maliyyə çətinlikləri yaradır və bu çətinliklərin aradan qaldırılması məqsədilə distant proqramlardan ibarət təhsili təmin edirik. Bundan azərbaycanlı gənclər də yararlana bilərlər. Biz qardaşlaşmaq istədiyimiz Naxçıvanın nümayəndə heyətini burada görməkdən şad olardıq. Haqqında çox məlumat aldığımız Naxçıvana getmək istəyirik. Qarşılıqlı səfərlər bir-birimizi daha yaxından tanımağa imkan verəcək.

https://azertag.az/xeber/1273002

Arxiv üzrə axtarış