2019-05-12

XİN: Zöhrab Mnatsakanyan Ermənistanın təcavüzkar siyasətini “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibədən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir. Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ərazilərini işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizlənməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik sistem və qaydalar”dan bəhs etməsi gülünc olduğu qədər saxtadır.

Z.Mnatsakanyanın münaqişənin həlli ilə bağlı söylədikləri Ermənistanın onillərdir davam edən təcavüz və işğal siyasətinə son qoymaq, beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət nümayiş etdirərək normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir. Əgər Ermənistan xarici işlər naziri həqiqi demokratiya quruculuğu, xalqının rifahı və bölgənin təhlükəsizliyi və tərəqqisində maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmalı və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədilməməlidir. Yalnız bundan sonra ümumbəşəri dəyərlərdən, demokratiyadan və insan həyatına verilən önəmdən danışmaq olar.

https://azertag.az/xeber/XIN_Zohrab_Mnatsakanyan_Ermenistanin_tecavuzkar_siyasetini_demokratiya_perdesi_ile_ort_basdir_etmek_isteyir-1281642

Arxiv üzrə axtarış