Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
Son günlər Fransa məhkəmələrinin bu ölkənin bəzi komuna və şəhərləri ilə
Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış beş “xartiya”nı ləğv etməsi böyük əks-səda doğurub.
AZƏRTAC xəbər verir ki, Fransanın müvafiq məhkəmələri bu “xartiyalar”ın ləğv olunmasının səbəbini onların ölkənin xarici siyasətinə, eləcə də beynəlxalq öhdəliklərinə uyğun gəlmədiyini göstərib. Erməni separatçılarının planlarının puça çıxması, eləcə də Fransanın qanunsuz sənədlərlə bağlı reaksiyasına dair ortaya çıxan bəzi sualları bu ölkədəki səfirimiz Rəhman Mustafayev AZƏRTAC-a məxsusi müsahibəsində açıqlayıb. Müsahibəni təqdim edirik.
-Bu yaxınlarda Fransa məhkəmələri bu ölkənin kommuna və regionlarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal altında olan digər əraziləri ilə imzalanmış bəzi qeyri-qanuni xartiyaları ləğv etdi. Bu məsələ necə gündəmə gəldi?
-2013-cü ilin iyun ayından etibarən Fransanın bir sıra yerli hakimiyyət orqanlarının rəhbərləri (əsasən erməni icmasının çox olduğu regionlar - Ile de France, Rhone- Alpes, Alpes-Provence-Cote-d’Azur) Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin separatçı nümayəndələri ilə əməkdaşlıq haqqında 13 qeyri-qanuni sənəd, saziş və xartiya imzalayıblar. 2013-2017-ci illər ərzində 8 sənəd prezident Fransua Ollandın, 5 sənəd isə indiki Prezidentin dövründə, işğal olunmuş ərazilərdə və ya separatçı nümayəndələrin Fransaya səfərləri zamanı keçirilən görüşlərdə imzalanıb.
-Bəs bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi necə olub?
-Biz bu sənədlərin qanunsuz olduğunu və Fransanın milli qanunvericiliyini, eləcə də onun beynəlxalq və ikitərəfli öhdəliklərini kobud şəkildə pozduğunu əvvəlcədən bəyan etmişdik. Xüsusilə də 1993-cü il dekabrın 20-də Parisdə Azərbaycan və Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Sazişi pozduğunu bildirmişdik. Xatırladaq ki, bu Sazişə uyğun olaraq, hər iki tərəf münasibətlərində suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı şəkildə riayət etmək öhdəliyini götürüblər.
-Fransa bu qeyri-qanuni sənədlərə nə üçün uzun müddət reaksiya göstərməyib?
-Düşünürəm ki, Fransa tərəfi bu məsələyə çox ciddi yanaşıb. Bu ölkənin iki aparıcı nazirliyinin (Xarici və Daxili İşlər) nümayəndələri bir neçə ay ərzində kommuna, şəhər, departament və region kimi fransız yerli hakimiyyət orqanlarının beynəlxalq əlaqə və fəaliyyətlərinin hüquqi çərçivəsinin müəyyən edildiyi birgə sənəd-sirkulyar-hazırlayıblar. 2018-ci il mayın 28-də bu sirkulyar Xarici və Daxili İşlər nazirləri tərəfindən imzalanaraq icra edilməsi üçün ölkənin regionlarına göndərilib. Qeyd edim ki, bu sənəd icra baxımından məcburi xarakter daşıyır və yerli hakimiyyət orqanlarını Fransanın beynəlxalq öhdəliklərinə riayət olunmasına məcbur edir. O cümlədən Fransanın tanımadığı ərazi vahidlərinin separatçı orqanları ilə saziş imzalanmasını, səfərlərin və qarşılıqlı fəaliyyətlərin həyata keçirilməsi də daxil olmaqla hər hansı bir formada qarşılıqlı əlaqə yaratmağı qadağan edir. Eyni zamanda, sənəd hökumətin region və departamentlərdəki nümayəndələri olan prefektləri Fransanın qanunvericiliyinə riayət edilməsinə nəzarət etməyə və onun pozulduğu hallarda məhkəmə vasitəsilə müdaxilə etməyə məcbur edir. Yəni, sözügedən məhkəmə qərarlarında olduğu kimi, prefektlərin göstərdiyi səylərin nəticəsində 13 qeyri-qanuni sənədin 5-i yerli məhkəmələr tərəfindən ləğv edilib, 3-ü isə müvafiq yerli orqanlar tərəfindən etibarsız hesab olunub.
-Sizcə, bu qanunsuz işlərlə bağlı qərar qəbul edərkən Fransanın icra və məhkəmə orqanlarına hansı amillər təsir göstərib?
-Əsas amil ölkənin qanunlarının onun bütün ərazisində tətbiq edilməsidir. Fransanın bir neçə departamentində dissident-merlər 2013-cü ildən etibarən ölkənin Konstitusiyasını və digər qanunlarını, eləcə də beynəlxalq və ikitərəfli öhdəliklərini pozublar və onlara qarşı heç bir tədbir görülməyib. Təsadüfi deyil ki, məhkəmə qərarlarında aydın qeyd olunub ki, sözügedən qeyri-qanuni xartiyalar 1958-ci il Fransa Konstitusiyasının bir çox maddələrini, o cümlədən 3, 5, 14, 20, 52 və 72 saylı maddələrini pozur.
Bundan əlavə, fransız tərəfi bu cür qanun pozuntularının Azərbaycan-Fransa ikitərəfli münasibətlərinə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın imicinə mənfi təsir etməsi faktını nəzərə aldı. Belə ki, həmsədr kimi Fransa bu münaqişənin həllində balanslaşdırılmış qərəzsiz mövqeyə sadiq qalmalıdır. Bununla bağlı diqqəti “xartiyalar”ın ləğv edildiyi məhkəmə qərarlarında qeyd edilmiş bəzi məqamlara çəkmək istərdim. Məhkəmənin ləğv edilmiş xartiyalara dair qərarlarında aydın şəkildə qeyd olunur ki, Fransa qanunlarının qadağan etdiyinə baxmayaraq, bu qanunsuz sənədləri imzalamaqla, yerli hakimiyyət orqanları Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə dolayı yolla müdaxilə etmiş olurlar. Üstəlik, qeyd edirlər ki, bu qanunsuz sənədlər işğal olunmuş ərazilərdə separatçı rejimi tanıyan sazişlər kimi qəbul edilməlidir. Halbuki Fransa və bütün beynəlxalq ictimaiyyət bu qurumu tanımaqdan imtina edir. Bunlar çox əhəmiyyətli mesajlardır və ümidvaram ki, onlar Fransanın yerli hökumət orqanlarının rəhbərləri, eləcə də erməni icması tərəfindən nəzərə alınacaq.
-13 qeyri-qanuni xartiyadan 8-i ləğv edilib və ya etibarsız sayılıb. Qalan 5 “xartiya”nın taleyi necə olacaq?
-Hesab edirəm ki, artıq Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğv edilməsi ilə mühüm məhkəmə presedenti yaranıb. Buna görə də qalan “sazişlər”in ləğv olunması şansı yüksəkdir. Ümid edirəm ki, bu məhkəmə qərarları 2013-cü ildən başlayan “xartiya” imzalanmasına son qoyacaq. Eyni zamanda, hesab edirəm, arxayınlaşmaq da olmaz. Fransanın erməni icması, onun təşkilatları və yerli hakimiyyət orqanlarındakı “tərəfdaşları" şübhəsiz ki, beynəlxalq hüquq və fransız qanununun möhkəmliyini “sınaqdan keçirməyə” və işğal olunmuş ərazilərin separatçı nümayəndələri ilə bundan sonra da qeyri-qanuni fəaliyyət göstərməyə cəhd edəcəklər. Buna görə də bütün belə hallarda Fransanın həm paytaxtında, həm də regionlarında yerli hakimiyyət orqanları ilə müvafiq iş aparacağıq.