Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.
Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.
Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.
Əvvəlcə birgə foto çəkdirildi.
Forumun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:
-Cənab Baş katibin müavini, Zati-aliləri
Xanımlar və cənablar, hörmətli qonaqlar, əziz dostlar.
Sizin hamınızı Azərbaycanda salamlamaqdan məmnunam. Şərqi Avropa regionunda ilk dəfə təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumunu keçirməkdən şərəf hissi duyuruq. Bu tədbiri paytaxtımızda keçirmək qərarına görə BMT-yə təşəkkürümüzü bildiririk. Biz bunu Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi hesab edirik. Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxslər üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinlə səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölüşmək istərdim.
Azərbaycanın Birinci vitse-prezidenti vurğuladı ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. “Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin “asan” olduğunu vurğulayaraq dedi:
-“ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və “ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı.
Nisbətən az müddət ərzində “ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 “ASAN xidmət”in rayonlarda, 5 “ASAN xidmət”in isə Bakıda fəaliyyət göstərdiyini bildirdi. Planda bu ilin sonuna qədər əlavə 5 “ASAN xidmət”in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdıran Mehriban Əliyeva dedi:
-Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində “ASAN xidmət” dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu.
“Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”, - deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söylədi. Mehriban Əliyeva qeyd etdi ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif “ASAN xidmət”lərdə tam ştatlı işlə təmin olunduğunu vurğulayan Birinci vitse-prezident dedi:
-Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin daha geniş regionda ən yaxşı təcrübə kimi izlənilməsinə görə fərəhlənirik.
Mehriban Əliyeva vurğuladı ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmağı davam etdirməyə hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumunun imzalandığını vurğuladı. Mehriban Əliyeva qeyd etdi ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik. İnsanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan my-gov portalının yaradıldığını, bununla da vətəndaşların, həmçinin onlayn xidmətdən yararlandığını diqqətə çatdıran Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı altında digər sosialyönümlü xidmətin fəaliyyətə başladığını xatırlatdı. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva dedi:
-Xanımlar və cənablar, bu, vətəndaşlarımızın faydalanması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli təchizi üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər.
Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən hamınıza maraqlı və faydalı müzakirələr, forumun işinə böyük uğurlar arzu edirəm. Nəhayət, sizi Bakıda qaldığınız müddətdə boş vaxt tapıb bizim gözəl şəhərimizi kəşf etməyə və ənənəvi Azərbaycan qonaqpərvərliyindən həzz almağa dəvət edirəm. Təşəkkür edirəm.
X X X
Sonra BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu CENMİN çıxış etdi. BMT Baş katibinin adından 2019-cu il BMT Dövlət Xidmətləri Forumunun bütün iştirakçılarına səmimi salamlarını çatdıran Liu Cenmin tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq dedi:
-Builki BMT Dövlət Xidmətləri Forumuna və mükafatlandırma mərasiminə ev sahibliyi etdikləri üçün Azərbaycan Respublikasının hökumətinə və xalqına səmimi təşəkkürlərimi ifadə etmək istəyirəm. Dərin təşəkkürlərimi düzgün istiqamət verdiyi üçün cənab Prezident İlham Əliyevə çatdırmaq istəyirəm. Dəstəyi, misilsiz fədakarlığı, iştirakı və çıxışı üçün Birinci vitse-prezidentə minnətdarlıq etmək istəyirəm. Azərbaycan Respublikasının bütün dünyada məşhur olan alicənablığını və qonaqpərvərliyini birbaşa görmək imkanımız oldu.
BMT Baş katibinin müavini Bakının tarixi və müasir memarlıq nümunələrini birləşdirən möhtəşəm bir şəhər olduğunu da vurğuladı. Forum iştirakçılarının səmərəli dövlət xidmətlərinin göstərilməsi, innovativ transformasiyalar və bu istiqamətli institutlar yolu ilə Davamlı İnkişaf Məqsədlərinə çatmağı özünə hədəf seçdiyini deyən Liu Cenmin BMT-nin 2030-cu il Davamlı İnkişaf Gündəliyi barədə ətraflı danışdı. Qeyd etdi ki, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün şəffaf, hesabatlı və səmərəli institutlar olmalıdır. İnklüziv, firavan və davamlı dünya yaratmaq üçün əldə edilən uğurlarla yanaşı, sosial, iqtisadi və ətraf mühit çağırışlarının olduğunu bildirən BMT Baş katibinin müavini bu baxımdan müvafiq institutların indiyədək heç vaxt olmadığı qədər əhəmiyyətli olduğunu vurğuladı. Gələn ay Nyu-Yorkda üzv dövlətlər, o cümlədən Azərbaycanın da iştirak edəcəyi siyasi foruma toxunan Liu Cenmin inklüziv, həssas, şəffaf və səmərəli institutların dayanıqlı inkişaf üçün fundamental əhəmiyyətini vurğuladı. BMT Baş katibinin müavini ölkəmizdə dövlət xidməti sahəsində əldə edilən uğurları da xüsusi qeyd edərək dedi:
-Azərbaycan Respublikası innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Beləliklə, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib. Bu, nəticənin əldə edilməsində çox vacibdir.
X X X
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təqdim etdi.
X X X
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi MEHDİYEV çıxış edərək bildirdi ki, Dayanıqlı İnkişaf Məqsədləri qəbul olunandan səmərəli və şəffaf təsisatların yaradılması beynəlxalq ictimaiyyətin başlıca hədəflərindən birinə çevrilib və bu istiqamətdə Azərbaycanda da xeyli tədbirlər görülüb. Bu sahədə ölkəmiz üçün perspektivlərin müsbət olduğunu vurğulayan Ülvi Mehdiyev bunun əsasən innovasiyaların dövlət idarəçiliyində uğurlu tətbiqi, eləcə də dövlət xidmətlərinin göstərilməsində vətəndaş yönümlü yanaşma ilə şərtləndiyini bildirərək dedi:
-Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin həyata keçirdiyi islahatlar institusional mexanizmlər, strukturlar, sistemlər və innovativ metodlara əsaslanır ki, onlar vətəndaş cəmiyyətinin cəlb edilməsi üçün daha əlverişli olsun. Birinci vitse-prezident Mehriban Əliyevanın qeyd etdiyi kimi, “ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə dövlət idarəçiliyi sahəsində aparılan islahatların tərkib hissəsi kimi yaradılıb. O, qabaqcıl idarəetmə prinsiplərinə əsaslanır və ölkəmizdə dövlət xidməti sahəsində fundamental dəyişikliyə səbəb olub. “ASAN xidmət” mərkəzləri səmərəlilik, əlçatanlıq, şəffaflıq, rahatlıq və innovasiya prinsiplərinə əsaslanan ən yüksək xidmət səviyyəsini təmin edir. Təsadüfi deyil ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən qiymətləndirilməsi demək olar ki, 100 faiz müsbətdir.
“Heç kimi kənarda qoymadan şəffaf və səmərəli xidmətlərin təqdim edilməsi Azərbaycan hökumətinin nail olduğu məqsəddir. Şəffaflıq və məsuliyyətlilik bütün ASAN mərkəzlərində tam təmin olunub”, - deyən Ülvi Mehdiyev BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülmüş “ASAN xidmət”in təcrübəsinin bir neçə ölkədə tətbiq olunduğunu, bir neçə ölkə və beynəlxalq təşkilatla, o cümlədən Fransa, İtaliya, Koreya Respublikası, Monteneqro, Mərakeş, Uqanda, İndoneziya, İSESCO və Afrikanın Birləşmiş şəhərlər və yerli hökumətlər təşkilatı ilə anlaşma memorandumlarının imzalandığını diqqətə çatdırdı.
X X X
Daha sonra İndoneziya Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor xanım Eko Sri MARGİANTİ çıxış etdi. Forumun əhəmiyyətini vurğulayan, belə tədbirdə iştirak etməyin önəmini qeyd edən qonaq dedi:
-İcazə verin, bu cür çox vacib və əlamətdar gündə nitq söyləmək üçün dəvət olunduğuma görə dərin minnətdarlığımı bildirim. Bu zamanı sizinlə paylaşmaqla öz şəxsi fikir və təcrübələrimi ifadə etmək mənim üçün həqiqətən də böyük şərəfdir. Həmçinin Bakıya ilk dəfə səfər etdiyimə görə bu, mənim üçün xüsusi imkandır.
Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar. Bu xüsusi məqamda mən, həmçinin BMT-nin Dövlət Xidmətləri Forumuna uğurla ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikası hökumətini təbrik etmək istəyirəm.
Eko Sri Margianti diqqətə çatdırdı ki, o, üç il ərzində İndoneziyanın dövlət xidmətləri üzrə qeyri-rəsmi müsabiqəsinin qiymətləndiricisi olub. Fəaliyyəti dövründə əldə etdiyi təcrübəni bölüşən indoneziyalı qonaq ölkəsində dövlət xidmətlərinin sürətləndirilməsi istiqamətində görülən işlərdən danışdı. O, BMT-nin 2030-cu ilə qədər nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədləri gündəliyinə toxundu, bu istiqamətdə atılan addımlarda innovasiyanın tətbiqinə xüsusi yer ayrıldığını vurğuladı. Eko Sri Margianti forumda müzakirə olunan məsələlərlə bağlı fikirlərini söylədi və qeyd etdi ki, mövcud çağırışlara şəffaflıq, səmərəlilik və hesabatlılıq prinsiplərini rəhbər tutmaqla cavab vermək mümkündür. O, bu məsələdə beynəlxalq əməkdaşlığın roluna da toxunaraq, gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün birgə səylərin əhəmiyyətini xüsusi qeyd etdi.
X X X
Forum işini müxtəlif mövzulara aid sessiyalarla davam etdirdi.