Hikmət Hacıyev: Qoşulmama Hərəkatına sədrlik böyük siyasi iradə, məsuliyyət, diplomatik güc və imkanlar tələb edir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının oktyabrın 25-26-da Bakıda keçiriləcək XVIII Zirvə Görüşü və Azərbaycan Respublikasının 2019-2022-ci illər üzrə bu quruma sədrliyi ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Qoşulmama Hərəkatının müasir dünyada yerini, çəkisini necə qiymətləndirirsiniz və Azərbaycan Respublikasının Hərəkata üzvlüyü ilə bağlı nə deyə bilərsiniz?
- Qoşulmama Hərəkatı soyuq müharibə zamanı yaransa da, bu gün də müasir dünyada öz aktuallığını itirmir, qlobal problemlərin həlli və dövrümüzün çağırışlarına cavab vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu aktuallıq nədən ibarətdir? Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız elə bircə bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə bir mühüm çoxtərəfli platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının 2018-ci ilin aprelində Bakıda keçirilmiş Nazirlər konfransında qeyd etdiyi kimi, “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”.
2011-ci ildə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv oldu. Burada bir haşiyə çıxıb qeyd etmək istərdim ki, Azərbaycanı QH-da təmsil olunan ölkələrin bir çoxu ilə tarixən hansısa formada müxtəlif tellər bağlayır. Region, ərəb və müsəlman ölkələri ilə tarixi və dini bağlılığımız var. Yaxud, keçmiş sovetlər dönəmində Vyetnamdan tutmuş Kubaya qədər nəhəng bir coğrafiyadan minlərlə insan Azərbaycanda ali təhsil alıb. Məsələn, təkcə Afrika qitəsindən bu rəqəm 12-15 min civarındadır.
Qoşulmama Hərəkatında üzvlük ölkəmizin milli maraqlarının və mənafeyinin beynəlxalq müstəvidə təmin edilməsi, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişaf etdirilməsi üçün yeni əlverişli imkanlar açdı. Elə 2011-ci ildə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində QH ölkələrinin səsinin mühüm rol oynaması bu platformaya qoşulmaqla bağlı verilmiş siyasi qərarın nə qədər uzaqgörən bir addım olduğunu əyani surətdə sübut etdi.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının QH-na üzv olması həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstək əldə edilməsi işinə öz töhfəsini vermişdir. Təsadüfi deyildir ki, QH-nın yekun sənədlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunmuşdur.
Qoşulmama Hərəkatına üzv olduğu qısa müddət ərzində Azərbaycan Respublikası öz prinsipial, beynəlxalq hüquqa və ədalətə əsaslanan xarici siyasəti ilə Hərəkatın üzv ölkələri arasında böyük nüfuz qazandı. Məhz bu nüfuz və etimadın məntiqli nəticəsi kimi 2016-cı ildə QH-na üzv ölkələrin dövlət və hökumət başçılarının XVII sammitində növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycan Respublikasına həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olundu.
- Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşünə hazırlıq işləri necə gedir?
- QH-na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda oktyabrın 25-26-da ölkəmizin paytaxtında keçiriləcək. Vurğulamaq istərdim ki, Zirvə Görüşü müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda təşkil edilən ən mühüm siyasi tədbirlərdən biri olacaq. Bu, eyni zamanda, 1989-cu ildə keçmiş Yuqoslaviyada keçirilmiş Belqrad sammitindən sonra Avropada təşkil olunacaq ilk Zirvə Görüşü kimi tarixə düşəcək.
Cənab Prezidentin Sərəncamı ilə Zirvə Görüşünün təşkili məqsədilə bu ilin fevralında müvafiq dövlət qurumlarının rəhbərlərindən ibarət Təşkilat Komitəsi yaradılıb. Martda təsdiq edilmiş Tədbirlər Planında Zirvə Görüşünün təşkili ilə bağlı həyata keçiriləcək bütün işlər tam təfsilatı ilə qeyd edilib. Tədbirlər Planı 39 bənddən ibarət müfəssəl bir sənəddir. Bildiyiniz kimi, son illər ölkəmizdə çoxsaylı böyük siyasi, iqtisadi, idman, musiqi tədbirləri keçirilib və əminik ki, aidiyyəti dövlət qurumlarının dəstəyi ilə Zirvə Görüşü sözün əsl mənasında bir “uğur hekayəsi” olacaq. Şübhəsiz ki, Zirvə Görüşü, eləcə də sədrlik həm ölkəmizin əldə etdiyi nailiyyətlərin dünyada daha da tanıtdırılması və təşviq edilməsinə öz töhfəsini verəcək, həm də Azərbaycanın QH-da və ümumən dünyada nüfuzunu, çəkisini daha da artıracaq.
- Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında sədrliyi dövründə fəaliyyətini necə quracağı, prioritetlərinin nədən ibarət olacağı barədə nə deyə bilərsiniz?
- Qoşulmama Hərəkatında sədrliyimizin prioritetlərinin hazırlanması prosesi hazırda son mərhələdədir. Detallara varmadan ümumi olaraq qeyd etmək istərdim ki, QH-nın fəaliyyətinin əsaslarını təşkil edən tarixi “Bandunq Prinsipləri”, - o prinsiplər ki, özündə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyətdən və güc tətbiqindən imtina, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların və əməkdaşlığın təşviqi, ədalətə və beynəlxalq öhdəliklərə hörmət kimi prinsipləri ehtiva edir, - tam olaraq Azərbaycan Respublikasının xarici siyasətinin ana xətti ilə uzlaşır. Azərbaycan Respublikasının QH-da sədrliyi zamanı fəaliyyəti, prioritetləri məhz bu təməl prinsiplər üzərində qurulacaq. Məqsədimiz üzv dövlətlərlə birgə QH-nın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa töhfəmizi artırmaq olacaq.
Qoşulmama Hərəkatında yer alan ölkələr bir-birindən çox fərqlənir. Burada siyasi sabitliyə və iqtisadi nailiyyətlərə nail olmuş ölkələrlə yanaşı, xroniki münaqişələrin və qeyri-sabitliyin qurbanı olan ölkələr, ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan ölkələr və ya iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən və hətta fiziki mövcudluqları belə təhlükə altına düşən kiçik ada ölkələri vardır. Bu ölkələrin də təbii ki, hər birinin öz qayğıları, prioritetləri, gözləntiləri mövcuddur və bu gözləntilərə də cavab vermək olduqca vacibdir. Buna isə bütün dünya ölkələrinin bir-birinin problemlərini anlayışla qarşılaması, qlobal həmrəylik nümayiş etdirməsi, çoxtərəfli diplomatiyanın, multilateralizmin təntənəsi ilə nail olmaq mümkündür. Bu mənada düşünürük ki, həm İslam Əməkdaşlığı Təşkilatı, həm də Avropa Şurasının üzvü olan bir ölkə kimi Azərbaycan Respublikasının malik olduğu müqayisəli üstünlüklərdən istifadə edərək QH-da sədrliyi zamanı digər təsisatlar və regionlar ilə təmas və dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi faydalı olardı.
Qoşulmama Hərəkatına üzv olan ölkələr arasında əməkdaşlıq üçün yeni sahələrin (məsələn, gənclər mövzusu) müəyyənləşdirilməsinin də gərəkli olması qənaətindəyik.
Məlum olduğu kimi, QH ölkələri ənənəvi olaraq sosial-iqtisadi məsələlərə mühüm önəm vermişlər. Dayanıqlı İnkişaf naminə 2030-cu il Gündəliyinin qəbul edilməsi ilə BMT-də inkişaf ölçüsü əhəmiyyətli dərəcədə güclənməyə başladı. Bu mənada Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı qısa müddət ərzində könüllü hesabat təqdim etmiş 14 ölkədən biri kimi Azərbaycan olaraq hesab edirik ki, inkişaf məsələləri də QH-nın gündəliyində mütənasib yer tutmalıdır.
Hesab edirik ki, QH-nın sürətlə dəyişən dünyanın tələblərinə daha mükəmməl surətdə uyğunlaşması üçün sədrliyimiz dövründə üzv ölkələrin iştirakı ilə müəyyən fikir mübadiləsinin aparılmasına da ehtiyac var.
Son olaraq qeyd edim ki, müxtəlif qitələrdən olan və fərqli dillərə, dinlərə, adət-ənənələrə, siyasi sistemlərə malik ölkələrdən ibarət bir hərəkatda sədrliyimiz həm də mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsini, müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmaya və harmoniyaya nail olunmasını öz siyasətinin ön cərgəsinə çıxarmış Azərbaycan Respublikası üçün bəlkə də bir qanunauyğunluqdur.
Tərkibində 120 ölkəni birləşdirən QH-da sədrlik etmək çox böyük bir siyasi iradə, məsuliyyət, diplomatik güc və imkanlar tələb edir. Ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qarşıdan gələn 3 il ərzində bu məsuliyyəti öz üzərinə götürməyə hazırdır və qadirdir.