Tyeri Edmond: “Kəpəz” nəşriyyat evi Azərbaycanın mədəniyyət və ədəbiyyatını təşviq edir VİDEO
Fransa və Azərbaycan arasında tarixən sıx əlaqələr mövcuddur. Bu əlaqələri daha da genişləndirmək lazımdır. Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabı bir tarixdir, tarixə səyahətdir. Bu kitabda azərbaycanlıların öz ölkələrindən uzaq düşmələrinə baxmayaraq, əzmkarlıqlarını görürük. Bütün çətinliklərə baxmayaraq, onlar öz köklərini unutmayıblar, ancaq eyni zamanda, yerli cəmiyyətə inteqrasiya olunublar, fransızlaşıblar. Kitabda mühacir azərbaycanlıların ölkələrinə gedə bilmədiklərinə görə kədərləndiklərinin şahidi oluruq. Kitab iki ölkə arasında körpüdür.
Bu sözləri Strasburq Universitetinin müəllimi, Strasburq Vəkillər Kollegiyasının üzvü, “Mühacirlərin həyatı” kitabının təqdimat mərasimində moderatorluq edən Tyeri Edmond AZƏRTAC-a müsahibəsində söyləyib.
T. Edmond Strasburqda fəaliyyət göstərən və “Mühacirlərin həyatı” kitabının nəşr olunduğu “Kəpəz” nəşriyyat evi, onun məqsədləri haqqında məlumat verərək deyib: “Strasburqda “Kəpəz” nəşriyyat evinin yaradılması bizim üçün böyük şərəfdir. Azərbaycanın dostları bu nəşriyyat evi vasitəsi ilə ölkənizin zəngin mədəniyyətini, ədəbiyyatını, yazıçılarını fransızdilli oxuculara çatdırır, gözəl ölkənizi təşviq edirlər. Azərbaycanın zəngin mədəniyyəti və ədəbiyyatını tanıtmaq lazımdır. Nəşriyyat evinin məqsədi məhz budur”.