2019-11-14

“EnterpriseAzerbaijan” portalı: yeni sərmayə imkanları

Müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının inkişafında investisiya qoyuluşları mühüm əhəmiyyət kəsb edir. İnvestisiya qoyuluşu ölkənin biznes mühitini yaxşılaşdırır, kapital axınını təmin edir və nəticədə bu proses əhalinin sosial həyat səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Ölkəmizdə sahibkarlığa dövlət dəstəyi göstərilir, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür, müxtəlif layihələr reallaşdırılır. Sahibkarlığın inkişafının göstəricisi kimi ölkə iqtisadiyyatının 85 faizinin özəl sektor tərəfindən yaradılmasını göstərmək olar.

“Azərbaycan investisiya qoyuluşu üçün çox gözəl ölkəyə çevrilib və növbəti illərdə investisiya qoyuluşu davam edəcək” kimi fikirləri öz çıxışlarında rəhbər tutan Prezident İlham Əliyev yürütdüyü siyasətdə də bunu əməli olaraq həyata keçirir. Belə ki, Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə ölkə başçısının Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar “EnterpriseAzerbaijan.com” internet portalı yaradılıb. AZƏRTAC “EnterpriseAzerbaijan.com” internet portalının üstünlükləri ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) media mütəxəssisi Nərmin Rəhimlinin şərhini təqdim edir.

Dördüncü sənaye inqilabının çağırışlarına cavab vermək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan portalın missiyası hüquqi və fiziki şəxslər tərəfindən hazırlanan investisiya layihələri, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatların yerli və xarici investorlara təqdim edilməsidir. “EnterpriseAzerbaijan.com” ideya və layihəsi olan müəllif və təşəbbüskarlar ilə investisiya imkanları axtarışında olan investorları bir araya gətirən davamlı yenilənən, istifadəyə rahat, təhlükəsiz, əlçatan, sürətli və geniş əhatə dairəsi olan bir platformadır.

Azərbaycanın startap ekosistemi 12 innovasiya və akselerasiya mərkəzi, 10 co-working (günlük, həftəlik, aylıq və bir neçə aylıq müddətinə icarəyə verilən iş yeri) və 100-dən çox innovativ şirkətdən ibarətdir. Startap ekosisteminə dəstək məqsədilə “EnterpriseAzerbaijan.com” portalı biznesə başlama, startap şəhadətnaməsi, güzəştli vergi rejimi, inkubasiya və akselerasiya mərkəzləri və digər sahələrdə siyasət həyata keçirir.

Portalın funksionallığı

“EnterpriseAzerbaijan.com” investisiya sahəsində çoxşaxəli xidmətlər paketinə sahibdir. Portalın təqdim etdiyi xidmətlərdən biri investorlara Azərbaycanda ilk dəfə olaraq “Kraudfandinq” (Crowdfunding) fəaliyyətindən istifadə etmək imkanı yaratmasıdır. Portal bu sahədə dünyanın bir çox məşhur portallarına inteqrasiya olunaraq layihələrin daha geniş kütləyə təqdim olunmasına şərait yaradır. Azərbaycanda ilk dəfə olaraq “EnterpriseAzerbaijan.com” kreativ fikirləri olan yerli startapçılara məşhur “Kickstarter” portalı üzərindən dünya maliyyə bazarlarına çıxmaq imkanı yaradır. Portal bundan başqa, istənilən növ layihələr üçün “IndieGOGO”, “Onemission”, “Planeta.ru”, sosial və tibbi layihələr üçün “Youcaring”, fərqli texnoloji ideyalar üçün “Crowdsupply”, vençur kapitalist maliyyələşməsi üçün “Crowdfunder”, elmi ideyalar üçün “Experiment”, sosial xarakterli layihələr üçün “Chuffed” ilə birgə əməkdaşlıq üçün danışıqlar aparır.

Portalda Azərbaycandakı investisiya və startap layihələri, ideya, əmlak, səhm və torpaq satışı, həmçinin digər aktivlər barədə məlumatlar mövcuddur. Bu məlumatlar potensial investorların diqqətinə müxtəlif meyarlar üzrə klassifikasiya olunmuş, filtrləmə yolu ilə səlis axtarış imkanı yaradan məlumat bazası şəklində təqdim edilir.

“EnterpriseAzerbaijan.com” layihələrin bütün mərhələlərində onlara dəstək vermək məqsədilə aşağıdakı ardıcıllıqla investorların cəlbini həyata keçirir:

Toxum investor – layihənin ilkin mərhələsində onun bünövrəsini maliyyələşdirən və qarşılığında paya sahib olan investorlardır. Toxum investisiya növü ən riskli investisiya növüdür və ən etibarlı layihələrə təklif olunur.

Mələk investor – toxum mərhələsini keçmiş layihələrə nisbətən kiçik məbləğdə (1 milyona qədər) və əsasən şəxsi vəsaitlərini ayıran investorlardır.

Vençur investor – layihə böyüdükdən və ilkin bazası formalaşdıqdan sonra layihəyə daha böyük məbləğ (1 milyondan çox) yatıran investorlardır. Vençur investisiya yalnız çox böyük və riski çox aşağı olan layihələrə tətbiq olunur.

Portala yerləşdirilən layihələr kənd təsərrüfatı, sənaye, energetika, tikinti, nəqliyyat, logistika, telekommunikasiya, elm və texnologiya və sair kateqoriyalar olmaqla 12 sahəni əhatə edir.

Geoiqtisadi Xəritə

Portalın üstünlüklərindən biri də Azərbaycanda və postsovet məkanında öz məlumat zənginliyi ilə seçilən Geoiqtisadi Xəritənin yaradılmasıdır. Xəritədə nəqliyyat infrastrukturu, sənaye parkları, texnoparklar, biznes inkubatorlar, xidmət sektoru, elm və təhsil müəssisələri, təbii sərvətlər, şirkətlər və sair daxil olmaqla 1200 əsas obyekt, həmçinin inzibati və iqtisadi rayonlar barədə Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilib.

Kreativ Qığılcım (Creative Spark)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “EnterpriseAzerbaijan.com” portalı yarandığı gündən bəri əsasən xarici təcrübənin öyrənilməsi, beynəlxalq layihələrlə əməkdaşlığı fəaliyyətinin prioritet istiqaməti olaraq nəzərdə tutub. Britaniya Şurası (British Council), İngiltərənin Nyukasl Universiteti ilə birgə həyata keçirilən “Kreativ Qığılcım” (Creative Spark) layihəsi portalın ən uğurlu layihəsidir.

Layihə gənclər arasında innovativ sahibkarlığı inkişaf etdirmək, müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması və inkişaf etdirilməsinə dəstək kimi 3 istiqamət üzrə şaxələnib. Layihə çərçivəsində “Big Idea Challange” adlı ideya və fikir yarışının yekunu olaraq Azərbaycanın 3 - Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllimləri Nyukasl Universitetində Biznes Məktəbində təcrübə keçib, təlimlərdə iştirak ediblər. Bundan başqa Britaniya Şurasının təşəbbüsü ilə tələbə və gənc startaplar arasında həyata keçirilən yarışmanın qaliblərinə öz ideyalarını reallaşdırmaq üçün pul mükafatı, Birləşmiş Krallığa səfərlər və professional biznes dəstəyi təqdim edilib. Müsabiqədə İİTKM-in “EnterpriseAzerbaijan.com” portalına layihə daxil edən startapçılar və tələbələr iştirak edib. Ümumilikdə müsabiqəyə 50-dən çox yerli layihə təqdim olunub və onlardan bir qismi “İdeation” və “Boot Camp”a qatılmaq şansı qazanıb.

“EnterpriseAzerbaijan”ın əməkdaşlıq əlaqələri

2018-ci il oktyabrın 2-də ictimaiyyətə təqdim olunan “EnterpriseAzerbaijan.com” internet portalı “EnterpriseEstonia” Sahibkarlığın İnkişafına Yardım Fondu ilə birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Fəaliyyət göstərdiyi bir il ərzində portal ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Rumıniya kimi ölkələrdə təqdim olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” adlı tədbirdə “EnterpriseAzerbaijan.com” portalının funksionallığı və “British Council” ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən “Creative Spark” layihəsinin təqdimatı zamanı portala müraciət edən startap layihələri nümayiş edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Əqli Mülkiyyət Agentliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Portal bu ilin martında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə keçirdiyi “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda da təqdim olunub. Yerli və beynəlxalq qurumların rəhbər şəxslərinin iştirak etdiyi tədbir zamanı portalın fəaliyyəti startap layihələrinin canlı nümayişi böyük marağa səbəb olub.

“EnterpriseAzerbaijan.com”un ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər bununla bitmir. Portal Vergilər Nazirliyi ilə birgə Azərbaycanın 13 ali təhsil müəssisəsində “Startapa necə başlamalı: İqtisadi və Hüquqi Əsaslar” adlı təlim layihəsinə başlayıb. Ümumilikdə 2000-dən çox tələbə və gənc portal üzərindən biznesə başlamanın üstünlükləri barədə məlumatlandırılıb. Bu tədbirlərin təşkilindən sonra Azərbaycan universitetlərindən onlarla startapçı tələbə öz layihəsini portala yerləşdirib.

Portal, həmçinin “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumda da təqdim olunub.

“EnterpriseAzerbaijan.com” portalına yerləşdirilən startap layihələri həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Məşğulluq Xidmətinə təqdim edilib. Xidmətin həyata keçirdiyi özünüməşğulluq və digər proqramlar çərçivəsində birgə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Beləliklə də “EnterpriseAzerbaijan.com” portalının əsas hədəfi ölkəmizin biznes mühitinin daim yaxşılaşdırılması, kreativ və innovativ ideyalı startapçı gənclərin dünya səviyyəsində tanınması, onların maliyyə mənbələrinə çıxış imkanlarını genişləndirmək, müxtəlif etaplarda onlara mentorluq və mütəxəssis dəstəyi göstərmək, xarici investorlar tərəfindən Azərbaycana kapital axınını çoxaltmağa müvəffəq olmaqdır və Portal bu istiqamətdə əlindən gələni edir.

“EnterpriseAzerbaijan” portalı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin investisiya-biznes sahəsində yaratdığı ekosistemin bir parçasıdır. Belə ki, portal parlaq ideya və startapları investorlara təqdim edərkən, Rəqəmsal Ticarət Qovşağı xarici investorların bu layihələrə investisiya qoyuluşunu e-rezident və m-rezidentlik, eləcə də elektron sənədləşmə və köçürmələr vasitəsilə daha da asanlaşdırır, “Azexport” portalı isə istehsal olunmuş yerli məhsulların dünya bazarına çıxarılmasına öz töhfəsini verir.

https://azertag.az/xeber/EnterpriseAzerbaijan_portali_yeni_sermaye_imkanlari-1355101

Arxiv üzrə axtarış