Fransa portalı Dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
Fransanın http://www.agoravox.fr saytında “Bakıda dünya dini liderlərinin sammiti” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Fransada antisemitizm, xristianofob, islamofob mövzulara dair debatlar gündəmdə olduğu bir vaxtda Azərbaycanda Dünya dini liderlərinin II Bakı Sammitinin keçirildiyi bildirilib. Qeyd edilib ki, sammitdə 70 ölkədən 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, eləcə də beynəlxalq təşkilatları təmsil edən 500 nümayəndə iştirak edib.
Məqalədə bildirilib ki, Prezident İlham Əliyev Bakının əsl dinlərarası dialoq mərkəzinə çevrildiyini, Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın xristian və müsəlman dünyaları arasında əlaqələrin inkişafına öz töhfəsini verən ölkə olduğunu bir daha xatırladıb.
Vurğulanıb ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan multikulturalizmi, tolerantlığı, dinlərarası həmrəyliyi təşviq edir. İki gün ərzində Bakıda dini liderlər terrorizm, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya, bütün növ dini zorakılıq əleyhinə məsələləri müzakirə ediblər.
Sammitdə beynəlxalq ictimaiyyətin qarşısında duran böyük çağırışların aradan qaldırılması üçün dialoqun strateji seçim olduğu bildirilib.
Məqalədə qeyd edilir ki, Bakı Sammitinin yekun bəyannaməsi qəbul olunub. Sammit iştirakçıları Azərbaycanın beynəlxalq əməkdaşlığa, dövlət və din arasında əlaqələrin formalaşmasına, sivilizasiyalar və dinlərarası münasibətlərin möhkəmləndirilməsinə, müxtəlif milli və mədəniyyət dəyərlərinin qorunub saxlanmasına verdiyi töhfələri vurğulayıblar.