2019-11-20

Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər VİDEO

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin noyabrın 19-da Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Avropa ilə Asiya arasında tarixi İpək Yolunun üzərində yeni Rəqəmsal İpək Yolunu formalaşdıracaq bu layihə Azərbaycanın, Qazaxıstanın, eləcə də Asiya regionunun digər ölkələrinin internet xidməti ilə təmin edilməsində mühüm rol oynayacaqdır. Fiber-optik rabitə xəttinin inşası hər iki ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, onların arasında rabitə sahəsində əlaqələrin genişlənməsinə təsir edəcək, eləcə də regionda genişzolaqlı bağlantı xidmətlərinin inkişafına, daha böyük həcmli məlumatların ötürülməsi və region ölkələrinin internet xidməti ilə daha dayanıqlı şəkildə təmin olunmasına öz töhfəsini verəcəkdir. Bu nəhəng layihə çərçivəsində 380-400 kilometr uzunluğunda fiber-optik rabitə xəttinin çəkilişini Azərbaycanın rabitə operatoru “Azərtelecom”, Qazaxıstanın “Transtelekom” və “KazTransCom” şirkətləri həyata keçirəcəklər. Rabitə xəttinin inşası 2021-ci ilin sonuna qədər tamamlanacaq. Xəttin məlumat ötürmə qabiliyyəti saniyədə 4-6 terabit təşkil edəcək.

Baş Nazir Əli Əsədov Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin inşasının həm Azərbaycanın, həm də Qazaxıstanın yeni tarixində əlamətdar hadisələrdən biri olduğunu qeyd edib və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da sürətli inkişafına öz töhfəsini verəcəyini bildirib.

Baş nazirlər iki ölkə arasında ticarət, iqtisadi, investisiya, nəqliyyat və logistika, kənd təsərrüfatı, kosmik və mədəni-humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini də müzakirə ediblər.

https://azertag.az/xeber/Azerbaycanin_ve_Qazaxistanin_Bas_nazirleri_Aktauda_iki_olke_arasinda_fiber_optik_rabite_xettinin_temelqoyma_merasiminde_istirak_edibler_VIDEO-1357114

Arxiv üzrə axtarış