Parisdə Azərbaycan elmi diasporunun təməli qoyulub VİDEO
Parisdə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı, Fransadakı səfirliyimizin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə elmi diasporumuzun təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Fransa universitetlərində müxtəlif sahələr üzrə magistratura və doktorantura üzrə təhsil alan, eləcə də artıq doktorluq dərəcəsi almış və elmi tədqiqatla məşğul olan gənc azərbaycanlılar Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində təsis yığıncağı keçiriblər. Gənclərimizin əsas məqsədi yaşadıqları ölkədə elmi diasporun təməlini qoymaq olub.
Onlar elmi diasporun strukturu ilə bağlı fikir mübadiləsi aparıb, təkliflərini bildiriblər. Elmi diasporun təşəkkülünə dair fikirlərini bölüşüblər. Bu istiqamətdə perspektivlər, görüləcək işlər haqqında danışaraq, nizamnamə ətrafında müzakirələr aparıblar. Elmi diasporun inkişafı istiqamətində müxtəlif təkliflər səsləndirilib. Bütün gənclər elmi diasporun yaradılmasını yekdilliklə dəstəkləyiblər. Bu sahədə Assosiasiya yaratmaq, elektron elmi jurnalın hazırlanması zərurətinə dair fikirlər səsləndirilib.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də tədbirə qoşulub. O, gənclərin təhsili və fəaliyyəti ilə maraqlanıb, onların fikirlərini dinləyib. Gənclərə elmi diasporun təşkilatlanması ilə bağlı təklif və tövsiyələrini bildirib.
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti Günel Səfərova rəhbərlik etdiyi Assosiasiyanın illik fəaliyyəti haqqında məlumat verərək, həyata keçirilən layihələrdən söz açıb. Soydaşlarımızın Fransada yaratdığı assosiasiyaları təqdim edib və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Yeni yaradılmış “Caspian Research Center” Assosiasiyası, onun məqsədləri haqqında da danışılıb.
Gənc doktorantlar elmi diasporun yaradılması zərurəti ətrafında müzakirələrini davam etdirərək təşkilatlanma, konkret fəaliyyət strategiyasının hazırlanması ətrafında fikirlərini bölüşüb və müzakirələr aparıblar.
Qeyd edək ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən olan diaspora quruculuğu Prezident İlham Əliyevin müdrik siyasəti və dəstəyi sayəsində son illər geniş vüsət alıb.
Fransada Azərbaycan diasporasının 10-dan çox assosiasiyası fəaliyyət göstərir və onların sayı getdikcə artmaqdadır.
https://azertag.az/xeber/Parisde_Azerbaycan_elmi_diasporunun_temeli_qoyulub-1367571