2019-12-17

Azərbaycanlı doktorant: Ölkəmizin elmi potensialından maksimum istifadə etməsi zərurətə çevrilib

Fransanın müxtəlif universitetlərində magistratura və doktorantura pillələrində təhsil alan, təhsillərini artıq bitirərək elmi tədqiqatla məşğul olan gənc Azərbaycan icması ilə bugünkü görüşümüz çox faydalı oldu. Görüşün əsas məqsədi Fransada elmi diasporumuzun yaradılması ilə bağlı fikir mübadiləsi aparmaq və yaxın gələcək üçün konkret fəaliyyət planı qəbul etmək idi.

Bu fikirləri Tuluza Kapitol 1 Universitetinin doktorantı Tural Həsənov AZƏRTAC-a müsahibəsində söyləyib.

Tural Həsənov deyib: “Hamıya məlumdur ki, daim dəyişməkdə olan və əsasən elmi zəmin üzərində dinamik inkişaf edən müasir dünyada elmi diasporun nəinki siyasi proseslərə, eyni zamanda, ölkələr arasındakı iqtisadi, sosial və mədəni münasibətlərə çox böyük təsiri var. Bu baxımdan Azərbaycanın öz elmi potensialından maksimum istifadə etməsi zərurətə çevrilib. Bu, Azərbaycan həqiqətlərinin Fransanın elmi dairələrinə və siyasi elitasına daha səmərəli çatdırılmasına xidmət edə bilər. Eyni zamanda, hər iki ölkənin elm adamları Azərbaycan ilə Fransa arasındakı münasibətlərin ümumi dinamikasına, xüsusilə də innovasiyalar, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrə qarşılıqlı töhfə verə bilərlər”.

O bildirib ki, Fransada yaşayan və təhsil alan azərbaycanlıların elmi diasporunun qurulması, təşkilatlanması, konkret səmərəli fəaliyyət strategiyasının hazırlanması qarşıdakı dövrdə doktorantlar üçün prioritet məsələ olacaq.

https://azertag.az/xeber/Azerbaycanli_doktorant_Olkemizin_elmi_potensialindan_maksimum_istifade_etmesi_zerurete_chevrilib-1367889

Arxiv üzrə axtarış