Fransada “Azərbaycan böyük dövlətlər arasında” kitabı nəşr olunub
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin “Azərbaycan böyük dövlətlər arasında” adlı kitabı fransız dilində nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitab Parisdəki “Presse du Chatelet” nəşriyyat evi tərəfindən çap olunub.
Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri N.Yusifbəyliyə 1919-cu il 6-10 noyabr tarixli məktubu ilə başlayan nəşrdə ölkəmizin 1917-1920-ci illər tarixi haqqında məlumatlar öz əksini tapıb. Həmçinin Azərbaycanın imperiya əyalətindən respublika quruluşuna üz tutmasından, 1918-ci ildə üzləşdiyi terror aktları və qırğınlardan, bolşeviklər tərəfindən istila edilməsindən və Cümhuriyyətin iflasının səbəblərindən bəhs olunub.
Nəşrdə, həmçinin Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi respublika olduğu, Cümhuriyyət dövründə ölkədə mətbuat azadlığının, vətəndaşların pulsuz təhsil hüququnun təmin edildiyi, ilk universitetin açıldığı, azərbaycanlı gənclərin təhsil almaq üçün xaricə göndərildiyi qeyd olunub.
Qeyd edək ki, “Azərbaycan böyük dövlətlər arasında” kitabı sayəsində fransızdilli oxucular Cümhuriyyətin tarixi ilə yaxından tanış olacaqlar.
Kitabı Fransanın elmi kitabxanalarından, eləcə də dünyanın ən iri onlayn satış sistemi olan nüfuzlu amazon.com saytından əldə etmək mümkündür.