Azərbaycanın bugünkü sabitliyi və inkişafı Ümummilli Liderin müdrik siyasətinin nəticəsidir VİDEO
1980-ci illərin sonunda Azərbaycanda hakimiyyətdə Heydər Əliyev olsa idi, ölkə Dağlıq Qarabağ münaqişəsi ilə üzləşməzdi. 1987-ci ildə Mixail Qorbaçov tərəfindən böyük siyasətçi Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması ermənilərin əl-qolunu açdı və onlar ölkəmizə qarşı hərbi təcavüzə başladılar. Ermənistanda yaşayan azərbaycanlılara qarşı terror aktları törədildi, soydaşlarımıza qarşı etnik təmizləmə aparıldı. 250 mindən çox azərbaycanlı Ermənistandan öz doğma yurdlarından didərgin salındı.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizin Fransadakı səfirliyi və UNESKO yanındakı daimi nümayəndəliyimizin birgə təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş anım mərasimində səfir Rəhman Mustafayev söyləyib.
Səfir bildirib ki, 1993-cü ildə çox gənc respublika olan Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi vaxtda xalq ulu öndər Heydər Əliyevi köməyə çağırıb. Məhz 1993-1994-cü illərdə Heydər Əliyev ölkəmizi xaos və anarxiyadan xilas edib və onun siyasəti sayəsində müstəqilliyimiz bütün çətinliklərə sinə gərərək daha da möhkəmlənib.
R. Mustafayev Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq səviyyədə tanınmasından, onun müdrik siyasəti sayəsində regionda stabilliyin bərqərar olmasından söz açıb.
“Azərbaycan mürəkkəb, böhranlarla, eləcə də ifrat şovinizm, dini ekstremizm və fanatizmlə dolu bir regionda yerləşir. Ancaq bütün bu təhlükələrə baxmayaraq, ölkəmiz stabillik və inkişaf məkanı, dünyəvi müsəlman respublika, tolerant, dialoq və əməkdaşlığa açıq ölkə olaraq qalır.
Bu gün ulu öndər Heydər Əliyevin xatirəsini anmaqla, etiraf etməliyik ki, o, böyük tarixi missiyanı yerinə yetirib və parçalanmaq təhlükəsində olan gənc respublikanı xilas edərək, müasir Azərbaycanın inkişafının təməlini qoyub. Bugünkü stabilliyimiz və inkişafımız Ümummilli Liderimizin müdrik siyasətinin, onun mütərəqqi sosial və iqtisadi yanaşmalarının, realizminin və xarici siyasətdə müdrikliyinin məhsuludur. Onun müdrikliyi ölkəmizin xarici siyasətinin tarazlaşdırılmış strategiyasının tərtib edilməsinə xidmət edib və bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən olduğu kimi davam etdirilir”,- deyə səfir bildirib.
O, Azərbaycanı ən nüfuzlu ölkəyə çevirmiş, Avropa enerji təhlükəsizıliyinə töhfə vermiş, bütün regionun geosiyasətini dəyişərək Qafqazı Avropa ilə birləşdirmiş Heydər Əliyevi Şarl dö Qolla müqayisə edərək, iki nəhəng siyasətçinin ölkələrinin ən çətin dövründə xalqın çağırışı ilə hakimiyyətə qayıdışlarından danışıb.
Bildirib ki, hər iki dövlət xadimi ölkələrinin ağır xarici təsirlər altında olduğu bir vaxtda hakimiyyətə gəlib və ölkələrinin xarici siyasətində tarazlığı bərqərar ediblər. Onların hər ikisi ölkələrinin yeni qurucuları olub və konstitusiyanı qəbul etdirərək yeni respublikanın - Şarl dö Qol 1958-ci il konstitusiyası ilə 5-ci respublikanın, Heydər Əliyev 1995-ci il konstitusiyası ilə üçüncü respublikanın- əsasını qoyublar.
Səfir qeyd edib ki, çox az sayda siyasi xadim hərbi məğlubiyyət qarşısında, eləcə də çox çətin və təhlükəli vəziyyətdə olan ölkənin məsuliyyətini öz üzərinə götürür. Əsil dövlət xadimləri məhz belə vəziyyətlərdə tanınır.
Bu iki dövlət xadiminin taleyini “qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək”, “müqavimət göstərmək və qurmaq” devizləri birləşdirib və onları xalq və millətləri ilə sıx bağlayıb.
Fransa Senatının üzvü Natali Qule və Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan-Pyer Allali çıxış edərək, Azərbaycanın Fransanın müttəfiqi olduğunu vurğulayıblar. Ölkəmizin stabillik mənbəyi olmasının, beynəlxalq arenada yüksək nüfuza malik ölkə kimi tanınmasının Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu diqqətə çatdırıblar. Onlar ölkəmizin beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsindən, beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən söz açıblar.
Bildiriblər ki, ölkəmizin bugünkü inkişafı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin beynəlxalq səviyyədə təşviqinə böyük töhfələr verib.
İstedadlı pianoçu, “École normale de musique de Paris-Alfred-Cortot” ali musiqi məktəbinin tələbəsi, Xalq şairi Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov Azərbaycan və xarici bəstəkarların əsərlərini, eləcə də Heydər Əliyevin çox sevdiyi “Küçələrə su səpmişəm” mahnısını səsləndirib.
Sonda tədbir iştirakçıları ehsan süfrəsinə dəvət ediliblər.