2020-02-17

Fransa saytında dərc edilən məqalədə Ermənistan-Azərbaycan münaqişəsindən bəhs olunur

Fransanın www.village-justice.com saytında “Qardaşlaşma: mətin hüquqa paralel diplomatiyamı?” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilərək münaqişə nəticəsində 30 mindən çox insanın həlak olduğu bildirilir. Qeyd edilir ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı doğma torpaqlarından didərgin düşüb. Qondarma “Dağlıq Qarabağ respublikası”nın heç bir ölkə, eləcə də Fransa tərəfindən tanınmadığı diqqətə çatdırılaraq qeyd edilib ki, erməni məsələsinin populyar olmasından istifadə edilərək qardaşlaşma təşəbbüsləri yaranmış və Fransanın bir çox kommunaları Azərbaycanın işğal altında olan ərazisinin yerli kollektivləri ilə qeyri-qanuni qardaşlaşma xartiyaları imzalamışlar.

Vurğulanır ki, Prezident Emmanuel Makron hələ 2019-cu ildə Fransa Erməniləri Təşkilatının Koordinasiya Şurasının illik şam yeməyində xatırladıb ki, Fransa digər dövlətlər kimi qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və Dağlıq Qarabağda olan kommunalarla fransız yerli kollektivləri arasında imzalanan xartiyalar heç bir qüvvəyə malik ola bilməz.

Bildirilir ki, məhz buna görə də fransız bələdiyyələri və Dağlıq Qarabağ kommunaları arasında imzalanan xartiyalar Fransa məhkəmələri tərəfindən ləğv edilib. Məhkəmələr bu qeyri-qanuni xartiyaları ləğv edərkən vurğulayıblar ki, ölkədə merlər Fransanın tanımadığı, tanınması beynəlxalq münaqişə yarada biləcək ərazi vahidinin yerli kollektivi ilə münasibətlər qurmağa razılaşıblar. Belə xartiyalar Fransanın beynəlxalq öhdəlikləri bilinmədən imzalanıb və Fransanın münaqişə ilə bağlı neytral öhdəlik götürdüyü xatırladılıb.

Məqalədə imzalanan qeyri-qanuni xartiyaların Konstitusiyanın 5, 14, 20-ci və 52-dən 55-dək olan maddələrinə, eləcə də yerli kollektivlərə dair ümumi məcəllənin L1115-1 maddəsinə zidd olduğu vurğulanır.

Qeyd edək ki, məqalə, ümumiyyətlə, Fransada qardaşlaşma xartiyalarının tarixinə, onların imzalanmasında məqsədlərə və hüquqi aspektlərə həsr edilib. Məqsəd Fransa yerli kollektivlərinə qardaşlaşma xartiyalarının əsas məqsədlərini xatırlatmaqdır.

https://azertag.az/xeber/1406655

Arxiv üzrə axtarış