Florans Qabe: Tələbələrimiz Azərbaycan mədəniyyətinə olan sevgilərini bu konfrans-sərginin təşkili ilə göstəriblər VİDEO
Paris İncəsənət və Mədəniyyət Ali Məktəbi (EAC) ilə Azərbaycanın Fransadakı Səfirliyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Tələbələrimiz Azərbaycan Mədəniyyət Mərkəzindəki muzeyi ziyarət ediblər. Ölkənizin tarixi və mədəniyyəti ilə maraqlanıblar və Azərbaycan tarixi və mədəniyyətinə dair mühazirələri dinləyiblər.
Bu sözləri Paris İncəsənət və Mədəniyyət Ali Məktəbinin (EAC) tələbələri tərəfindən təşkil olunmuş və Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilməsinin 100 illiyinə həsr edilmiş “Azərbaycan: ənənə və müasirlik” adlı sərginin açılışında EAC-ın MBA-Magistr pilləsinin pedaqoji direktoru, EAC-ın institutlararası əlaqələrinin direktoru, Avropa Robert Şuman İnstitutunun prorektoru və Milli Assambleyada kabinet müdiri Florans Qabe AZƏRTAC-a müsahibəsində deyib.
F. Qabe səfirliyimizlə olan əlaqələrə toxunaraq, Azərbaycan səfirliyinə və təşkilatçılara minnətdarlığını bildirib. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın coğrafiyası, tarixi, incəsənəti və mədəniyyətindən danışıb. Mürəkkəb məkanda yerləşən ölkəmizin kimliyini qoruyub saxladığını vurğulayıb. Azərbaycan qadınlarına həsr edilmiş sərgidə qadın rəssamlarımızın əsərlərinin mükəmməlliyindən söz açıb.
Əlavə edib ki, EAC tələbələrinin ölkəmizlə bağlı hazırladıqları layihə çərçivəsində mart ayında böyük konfrans keçiriləcək.