2020-02-17

Paris İncəsənət və Mədəniyyət Ali Məktəbində Azərbaycan qadınına həsr edilmiş sərgi açılıb VİDEO

Paris İncəsənət və Mədəniyyət Ali Məktəbinin (EAC) və Fransadakı səfirliyimizin dəstəyi ilə EAC-ın İncəsənət menecmentliyi fakültəsinin magistr pilləsi üzrə tələbələri tərəfindən təşkil edilmiş və Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilməsinin 100 illiyi ilə bağlı “Azərbaycan: ənənə və müasirlik” adlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, EAC-da təşkil olunmuş sərginin açılışından əvvəl konfrans olub. EAC-ın MBA-Magistr pilləsinin pedaqoji direktoru, EAC-ın institutlararası əlaqələrinin direktoru, Avropa Robert Şuman İnstitutunun prorektoru və Milli Assambleyada kabinet müdiri Florans Qabe konfransı açaraq Azərbaycan səfirliyinə və təşkilatçılara minnətdarlığını bildirib. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın coğrafiyası, tarixi, incəsənət və mədəniyyətindən danışıb. Mürəkkəb məkanda yerləşən ölkəmizin kimliyini qoruyub saxladığını vurğulayıb. Azərbaycan qadınlarına həsr edilmiş sərgidə qadın rəssamlarımızın əsərlərinin nümayiş olunduğunu bildirib.

EAC-ın müəllimi, yazıçı Helen Pişon Azərbaycan qadınlarına səsvermə hüququ verilməsindən, onların cəmiyyətdə mövqeyi və yerindən söz açıb. Cəmiyyətin inkişafında qadınların roluna, gender bərabərliyinin vacibliyinə toxunub. Müsəlman ölkəsi olan Azərbaycanın dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.

Səfirliyimizin müşaviri Vaqif Ağayev ölkəmizdə qadınlara səsvermə hüququnun verilmə tarixindən söz açıb. Gender bərabərliyinə toxunan müşavir, bu gün qadınların ölkə həyatının bütün sahələrində təmsil olunduğunu diqqətə çatdırıb. Qadınların yüksək vəzifələrdə çalışdığını vurğulayıb. O, ölkəmizdə aparılan gənclər siyasətindən danışıb, EAC-ın müəllim və tələbə heyətinə Azərbaycana həsr etdikləri sərgiyə görə təşəkkür edib.

EAC-ın tələbələrinin təşkil etdiyi sərgidə azərbaycanlı qadınların - Əsmər Nərimanbəyova, Vəfa Rüstəmova və Maya Bağırovanın əsərləri nümayiş olunub.

Arxiv üzrə axtarış