Elmar Məmmədyarov: Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”i rədd edib
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “The London Post” qəzetinə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, nazir müsahibəsində Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətini pisləməyin kifayət olmadığını, bu bəyanatlara uyğun hərəkət etmək lazım olduğunu vurğulayıb.
Nazir deyib ki, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsi və 1975-ci il Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və buna görə də həmin “seçkilər” heç bir hüquqi qüvvəyə malik olmayacaq.
E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi “seçkilər”lə bağlı bəyanat verib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilərin yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə biləcəyini bildirib. Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, qovulan azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından və bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq, eləcə də əməkdaşlığın bərpasından sonra mümkün olacaq.
Nazir vurğulayıb ki, əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”i qəti şəkildə rədd edib və bu “seçkilər”in qeyri-legitimliyini elan edib. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRKPA və digər beynəlxalq təşkilatların, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və çoxsaylı dövlətlərin verdikləri ayrı-ayrı bəyanatları qeyd etməliyik. Əlbəttə ki, bu qanunsuz hərəkətləri pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır. Yəni, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır.
E.Məmmədyarov Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə əsaslanaraq, 20 ildən çoxdur sülh danışıqlarında iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, əldə etmək istədiyimiz regionumuzda əmin-amanlıq və firavanlıqdır. Çoxdan gözlənilən sülhü təmin etmək isə yalnız münaqişənin nəticələrinin aradan qaldırılmasından, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasından və köçkün Azərbaycan əhalisinin öz evlərinə qayıtmasından sonra mümkündür. Ümumiyyətlə, Azərbaycanın Konstitusiyasına və ölkənin müvafiq qanunvericiliyinə əsasən, seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq edir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma “seçkilər”in keçirilməsi ilə ölkə Konstitusiyasının və qanunlarının pozulması o qədər aşkardır ki, Konstitusiya Məhkəməsi bu “seçkilər”i heç nəzərə almadı. Azərbaycanın beynəlxalq münasibətlərin aparıcı iştirakçılarından gözləntisi BMT Təhlükəsizlik Şurasının tələblərinin icrası ilə bağlıdır.
Nazir qeyd edib ki, bu gün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xüsusiyyətləri dəyişdirmək məqsədilə məqsədyönlü fəaliyyət aparılır. Bu cür hərəkətlər, o cümlədən qondarma “seçkilər” beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulması deməkdir. Aydındır ki, bu cür siyasət və təcrübələr heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədləri ilə uzlaşmır və geniş beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir.