2020-04-24

Koronavirusa yoluxan diaspor sədri: “Fransa xəstəxanalarında vəziyyət acınacaqlıdır” - MÜSAHİBƏ

“Əvvəlki sağlamlığıma hələlik tam olaraq qovuşa bilməmişəm"

Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın “Report”un yerli bürosuna müsahibəsi.

- Koronavirus Sizdən də yan keçmədi. Hazırda özünüzü necə hiss edirsiniz?

- Həkimlər bir neçə gün öncə virusdan tamamilə sağaldığımı təsdiqlədilər. Bununla bağlı sənəd almışam. Xəstəliyin bütün simptomları keçib getsə də, fiziki gücümü əvvəlki kimi toplamağa nail olmamışam. Bu özünü fiziki işlər görərkən göstərir. Əvvəlki sağlamlığıma hələlik tam olaraq qovuşa bilməmişəm.

- Virusa yoluxduğunuzu necə bildiniz?

- Öncə özümü çox yorğun və enerjisiz hiss etməyə başlamışdım. Düşünürdüm ki, bu baş verənlər üzündən keçirdiyim narahatlıqların nəticəsidir. Xüsusilə panikaya düşmək istəmirdim. Lakin sonradan digər simptomlar özünü göstərdi, baş, boğaz və sümük ağrıları, təngnəfəslik başladı. Bu zaman xəstəxanaya müraciət etdim və məndə COVID-19 aşkarlandı.

- Müalicə kursu çox ağır keçdi?

- Xəstəxanalarda vəziyyət çox gərgin olduğu üçün yalnız vəziyyəti ağır olan xəstələrin qalmalarına şərait yaradılır. Bu səbəbdən də mən ev şəraitində, karantin rejimində xlorikin və azotrimisin adlı dərmanlarla müalicə aldım. Hər gün vitamin, təbii ədviyyatlardan istifadə edərək immunitetimi gücləndirməyə çalışırdım. Digər tərəfdən, qorxmaq və panikaya düşmək immuniteti aşağı salır. Bu səbəbdən də xoş əhval-ruhiyyəmi qoruyub saxlamağa çalışırdım. Belə bir vəziyyətdə, yəni virusun hər yanı bürüdüyü və iqtisadi böhran səbəbindən insanların təşvişə düşdüyü dövrdə bu elə də asan baş gəlmir. Çox çalışdım ki, güclü olum. Bu sağalmaq üçün ən vacib şərtlərdən biridir.

- Virusa yenidən tutulmamaq üçün hansı tədbirlər görürsünüz?

- Yeni virusla bağlı Fransada müxtəlif fərziyələr mövcuddur. Bu səbəbdən çalışırıq yalnız elmi yazılara və rəsmi məlumatlara inanaq. Bu virusa tutulub sağalanların yenidən tutulmaq ehtimalının olduğu bildirilir. Ona görə də qayda-qanuna maksimum riayət etməyə, evdən bayıra çıxmamağa çalışıram. Vacib olada çıxdığım zaman isə əlcək və maskadan istifadə edirəm. Gigiyena qaydalarına riayət etmək çox vacibdir.

https://report.az/diaspor/koronavirusa-yoluxan-diaspor-sedri-fransa-xestexanalarinda-veziyyet/

Arxiv üzrə axtarış