Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində atəşkəs rejiminin pozulması ilə bağlı Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin press-relizi
AR Müdafiə Nazirliyinin rəsmi məlumatı:
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 82 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozmuşdur.
Ermənistan Silahlı qüvvələri cavab atəşi ilə susdurulmuş, əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin tam nəzarəti altındadır.
15 iyul səhər saatlarında Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı erməni silahlı qüvvələrinin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, dayaq məntəqəsi, uzunmüddətli atəş nöqtəsi və qarşı tərəfin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi də Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dəqiq atəşi ilə məhv edilmişdir.
AR Xarici İşlər Nazirliyinin rəsmi məlumatı :
AR XİN AR-ın Fransa Respublikasındakı Səfirliyinin binası qarşısında törədilmiş vandal aktını pisləyir
İyul ayının 13-dən 14-nə keçən gecə (Fransanın milli bayramı günü, saat 2-3 radələrində) Azərbaycan Respublikasının Fransadakı Səfirliyinə və Mədəniyyət Mərkəzinə hücumlar təşkil edilmiş və Səfirliyin binasına qarşı vandal aktı törədilmişdir.
Erməni radikal gənclər təşkilatının bir qrup üzvü tərəfindən törədildiyi ehtimal olunan bu vandalizm aktı özündə terror elementlərini ehtiva etməklə yanaşı, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Baş vermiş hadisə ilə bağlı Fransanın ölkəmizdəki Səfiri Azərbaycan Respulikasının Xarici İşlər Nazirliyinə dəvət olunmuşdur. Səfir ilə AR Xarici İşlər nazirinin müavini Xələf Xələfov arasında keçirilmiş görüş zamanı, sözügedən insidentlə ilə bağlı Fransa tərəfinə qəti etiraz edildiyi, bu vandalizm aktının araşdırılmasının və bunu törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsinin AR XİN tərəfindən tələb edildiyi diqqətə çatıdırlmışdır. X.Xələfov, Fransa Hökuməti tərəfindən Azərbaycanın Parisdəki diplomatik missiyasının binasının mühafizəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini istəmişdir.
- Xələfov Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-də artilleriya və ağır silahlardan istifadə etməklə Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində hücumlara başladığını və onun nəticəsində 1 general da daxil olmaqla 11 azərbaycan hərbçisinin və 1 mülki şəxsin həlak olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır.
Nazir müavini, bu təxribatçı əməlin təcavüzkar Ermənistanın rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğunu vurğulayıb. O, Ermənistan rəhbərliyinin bu məkrli niyyətinin eyni zamanda region ölkələrini və üzv olduğu hərbi-siyasi blokları Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi orbitinə cəlb etməklə digər dövlətləri təcavüzkar ölkə kimi üzərinə düşən beynəlxalq məsuliyyətə bulaşdırmaqdan ibarət olduğunu bildirib.
X.Xələfov, Azərbaycan tərəfinin Fransadan Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atılmasını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurum”u təşviq edən hər hansı fəaliyyətinin, o cümlədən “humanitar layihələr” adı ilə, qarşısının alınması üçün bütün zəruri tədbirləri görməsinin gözlədiyini bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin müsahibəsi: “Azərbaycan Avropa İttifaqından aqressor ölkə ilə aqressiyaya məruz qalmış ölkə arasında fərq qoymasını gözləyir”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatları ilə bağlı Avropanın nüfuzlu xəbər portalı olan euractiv.com-a müsahibə vermişdir.
Müsahibədə H. Hacıyev bütün bunları etməkdə Ermənistanın məqsədinin regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarını azad etməmək olduğunu bildirmişdir.
H.Hacıyev qeyd etmişdir ki, Ermənistan ilə sərhədin bir hissəsinə nəzarət üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cəlb olunmuşdur. Ermənistan isə əksinə bu zonada öz hərbi qüvvələrinin sayını artırır və bu kimi hərbi təxribatlara yol verir. Ermənistan tərəfi bu ərazilərdə Azərbaycanın mülki əhalisinin yaşadığı kəndləri məqsədyönlü şəkildə hədəf alır və bununla da beynəlxalq humanitar hüququ, eləcə də müvafiq Cenevrə Konvensiyalarını kobud şəkildə pozur. 76 yaşlı mülki sakinin Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi bunun sübutudur.
Avropa İttifaqının bu prosesdə roluna toxunan H.Hacıyev bildirmişdir ki, Avropa İttifaqı və onun üzv dövlətləri vəziyyəti yaxşı başa düşür. Azərbaycan öz növbəsində bu proseslərlə bağlı Aİ-ni məlumatlandırır. Bu xüsusda H.Hacıyev vurğulamışdır ki, Azərbaycan Avropa İttifaqından aqressor ölkə ilə aqressiyaya məruz qalmış ölkə arasında fərq qoymasını gözləyir. Belə ki, Ermənistanın addımları beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən qəti şəkildə pislənilməlidir. Əks halda, Ermənistanın cəzasız qalması rəsmi Yerevanı yeni hərbi təxribatlara həvəsləndirəcək. Azərbaycan ümid edir ki, Aİ Ermənistanın işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni fəaliyyətinə, o cümlədən qeyri-qanuni məskunlaşma siyasətinə hüquqi qiymət verəcək.
Media və ekspertlərin rəyi
Fransanın “Le Monde”, “Figaro”, “L’express”, “Le Point”, “RFİ”, “Liberation”, “Sfrpresse” və digər mətbuat orqanlarında Ermənistan tərəfindən Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törədilmiş təxribat barədə məqalələr dərc olunmuşdur.
Materiallarda artilleriyadan istifadə olunmaqla iki gün davam edən döyüşlərin iyulun 14-də daha da şiddətləndiyi, ümumilikdə 16 hərbiçinin həlak olduğu, həmçinin 30 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə Qafqaz regionunun qeyri-stabil olaraq qaldığı diqqətə çatdırılmışdır.
“L’Express” portalı “Ermənistan Azərbaycana hücum edib” başlıqlı xəbərə görə sosial şəbəkələrdə erməni lobbisi tərəfindən hədələnmişdir.
Eyni zamanda, Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin prezidenti, siyasi ekspert Naim Asas tərəfindən Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma “çox təhlükəli” qiymətləndirilmişdir (https://report.az/dagliq-qarabag-munaqishesi/ekspert-ermenistanin-qarabag-separatcilarina-desteyi-daha-ciddi-tehlukelere-getirib-cixara-biler/) .
Onun sözlərinə görə, uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar heç bir nəticə vermir. “Halbuki Dağlıq Qarabağ münaqişəsi regional və beynəlxalq xarakter daşıyan bir məsələdir. 2016-ci ildən bəri münaqişə zamanı hər iki tərəfin ağır silahlardan istifadə etdiyi müşahidə edilib. Hətta Fransanın BMT Təhlükəsizlik Şurasına cari ilin iyun ayından sədrliyə başlamasından sonra belə beynəlxalq ictimaiyyət bu məsələdə susmaqda davam edir. Azərbaycan isə ATƏT-in Minsk qrupunu tərk edə biləcəyini açıqlayıb”.
Ekspert deyib ki, Ermənistanın Dağlıq Qarabağdakı separatçıları dəstəkləməkdə davam etməsi və münaqişənin həll edilməməsi regiondakı sabitliyə təhlükə yaradacaq: “Bu münaqişə Azərbaycan və Ermənistan arasında baş verir. Çünki Ermənistan Dağlıq Qarabağdakı separatçıları dəstəkləyir. Digər tərəfdən isə bu ərazi Azərbaycana məxsusdur. Bu münaqişənin davam etməsi onun regional münaqişəyə çevrilməsi ilə nəticələnə bilər ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər“.
Bununla yanaşı, digər dövlətlərin aparıcı mətbu orqanlarında Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində başladılan hücumlarla bağlı məqalələr geniş yer almağa davam edir və Ermənistanın təcavüzkar siyasəti tənqid edilir.
Rusiyanın “Gazeta.ru” mətbuat orqanı tərəfindən nəşr olunan “Paşinyan əhalini daxili problemlərdən yayındırmağa çalışır” başlıqlı məqalədə (https://www.gazeta.ru/army/2020/07/14/13152367.shtml?updated_) Ermənistan tərəfindən bu təxribatın Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın ordudan tərxis olunmasından cəmi üç gün sonra baş verməsi faktına diqqət çəkilir. Baş nazirin tənqidçiləri tərəfindən bu təsadüfi sayılmır və Paşinyanın tez-tez şəxsi maraqları hərbi-siyasi qərarların verilməsində əsas amil kimi qəbul etdiyi bildirilir.
Sözügedən məqalələrdə Aşot Paşinyanın Dağlıq Qarabağda yerləşən bölmələrdə xidmət etməsi beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan baş nazirinin oğlunun cinayətkar statusu ala biləcəyi deyilir və cari hadisələrin Qarabağda deyil, Ermənistanla Azərbaycanın sərhəddində baş verdiyi vurğulanır.