2020-08-24

Vatikanın internet portallarında Azərbaycan səfirinin müsahibəsi dərc olunub

İyul ayında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində silahlı təxribatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh prosesinə böyük zərbə vurdu, ATƏT-in Minsk qrupuna və həmsədrlərinə olan inamımızı sarsıtdı. Ancaq irəliləməliyik və bu kontekstdə Pontifikin 19 iyul tarixli bəyanatını alqışlayırıq. O da "beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə, dialoq və münaqişə tərəflərinin iradəsi ilə bu münaqişənin davamlı dinc həllinə nail ola biləcəyimizə" ümid etdiyini bildirdi. ...Bu Katolik kilsəsi rəhbərinin çox balanslı və konstruktiv bəyanatıdır və sülh prosesini stimullaşdırmaq üçün çox böyük əhəmiyyət daşıyır. Papanın bu çağırışına cavab olaraq, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı əsaslı danışıqlar prosesinə hazır olduğunu bir daha təsdiqlədi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransada və eyni zamanda, Vatikandakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın Acistampa.com (Katolik Xəbər Ajansı) portalına verdiyi müsahibəsində deyib.

Səfir bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün hüquqi və siyasi baza BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrində, eləcə də ATƏT-in qərarlarında, xüsusilə də 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində müəyyən edilib. Bu, mərhələli yanaşmadır və ilk növbədə, münaqişənin əsas nəticələri aradan qaldırılmalıdır. Başqa sözlə, ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin edilməlidir. İkinci mərhələ, doğma yurdlarından didərgin salınmış azərbaycanlı əhalinin öz evlərinə dönməsidir. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasındakı əlaqələr, eləcə də işğaldan əziyyət çəkən bölgənin iqtisadi inkişafı bərpa edilməlidir. Nəhayət son mərhələ Dağlıq Qarabağın azərbaycanlı icmasının birbaşa, tam və bərabər iştirakı ilə Dağlıq Qarabağın statusunun işlənib hazırlanmasıdır.

“Təəssüf ki, erməni tərəfi öz müqəddəratını təyinetmə prinsipi məsələsini "öz zövqünə görə" şərh edir. Lakin beynəlxalq hüquq sistemi “restoran menyusu” deyil ki, oradan "zövqünüzə görə" istədiyinizi seçə biləsiniz. Bu, bütün prinsiplərin qarşılıqlı formada bir-birinə bağlı olan, bir-birini daha da möhkəmləndirən və bizi humanitar fəlakətlərdən, insan haqlarının pozulmasından və təcavüz aktlarından qorumaq üçün bir yerə yığılmış vahid bir sistemdir”, - deyə səfir qeyd edib.

Vurğulayıb ki, erməni xalqı öz müqəddəratını təyinetmə hüququnu artıq həyata keçirərək, 1991-ci ildə müstəqil dövlətini yaradıb. 1970-ci il oktyabrın 24-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş və 1975-ci il Helsinki Yekun Aktının əsasını təşkil edən beynəlxalq hüquq prinsipləri haqqında bəyannamədə qeyd olunur ki, xalqların öz müqəddəratını təyinetmə prinsipi "suveren və müstəqil dövlətlərin ərazi bütövlüyünün parçalanmasına və ya pozulmasına səbəb olacaq hər hansı bir hərəkətin təşviqi kimi təfsir edilməməlidir". Bundan əlavə, BMT Baş Assambleyasının Bəyannaməsində, öz müqəddəratını təyinetmə prinsipinə verilən şərhdə də qeyd edilib ki, "hər bir dövlət hər hansı digər dövlətin ərazi bütövlüyünün qismən və ya tamamilə pozulmasına yönəlmiş hər hansı bir hərəkətdən çəkinməlidir".

Səfir vurğulayıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən və digər beynəlxalq hüquqi sənədlərdən göründüyü kimi, qanuni hüquq qeyri-qanuni aktdan irəli gələ bilməz. Yəni, bir milli qrup üçün hüquq və azadlıqların reallaşdırılması digər milli qrupların hüquq və azadlıqlarının pozulmasına apara bilməz.

Xatırladıb ki, təxminən 700 min azərbaycanlı, rus, kürd Dağlıq Qarabağ və onun ətrafında 1992-1993-cü illərdə işğal edilmiş 7 rayondan didərgin salınıb. Münaqişənin qurbanı olan bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquq və azadlıqları pozulub və onlar bərpa edilməlidir.

“Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və tərkibində Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək, onun iki icmasının - erməni və azərbaycanlıların hüquq və azadlıqlarını qorumaqla bağlı mövqeyimiz beynəlxalq hüquqi bazaya əsaslanır. Ancaq bu istiqamətdə irəliləyiş üçün möhkəm baza kifayət deyil. Papanın haqlı olaraq qeyd etdiyi kimi, beynəlxalq ictimaiyyətin fəal iştirakı və münaqişə tərəflərinin iradəsi vacibdir”, - deyə R.Mustafayev diqqətə çatdırıb.

Arxiv üzrə axtarış