2020-09-23

Fransada Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib VİDEO

Azərbaycan xalqının qəhrəman oğlu, Fransa Müqavimət Hərəkatının fəal iştirakçısı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 ili tamam olur.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəşadətli döyüş yolu keçmiş, xalqımızın mərd oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncam çərçivəsində Fransadakı səfirliyimiz Əhmədiyyə Cəbrayılovun xatirəsinin anılması münasibətilə xüsusi tədbirlər planı hazırlayıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Oksitan regionunun Tarn-və-Qaron departamentinin Vayssak kommunasında Kabertat Partizan Hərəkatının Üçüncü Qusar Polku sıralarında döyüşmüş azərbaycanlı partizanların, xüsusilə də “Xarko” və “Ahmed Mişel” ləqəbləri ilə tanınan Əhmədiyyə Cəbrayılovun xatirəsinə ucaldılmış abidə önündə anım tədbiri keçirilib.

Tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev, Montoban və Vayssak şəhərlərinin, eləcə də ətraf şəhərlərin merləri, Kabertat Partizan Dostları Assosiasiyasının prezidenti və üzvləri, yerli sakinlər, səfirliyimizin əməkdaşları və regionda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak edirlər.

Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib, Fransanın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Rəhman Mustafayev çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsi zamanı azərbaycanlılar faşizm üzərində qələbəyə böyük töhfə veriblər. Diplomat Azərbaycanın müharibədə vacib rol oynamasından, neft resurslarını qələbənin qazanılmasına yönəldilməsindən, eləcə də Hitlerin ölkəmizin “qara qızılı”nı ələ keçirmək üçün Bakını zəbt etmək planından danışıb.

Qeyd edilib ki, azərbaycanlılar Fransada, eləcə də Avropanın digər ölkələrində - Polşada, İtaliyada, Niderlandda müqavimət hərəkatlarında iştirak edib, yerli xalqlarla çiyin-çiyinə vuruşublar. Onlardan ən tanınmışı Əhmədiyyə Cəbrayılov Fransa Respublikasının ən yüksək rəsmi mükafatlarından olan “Fəxri Legion” ordeninə və Fransanın Milli Qəhrəmanı adına layiq görülüb, həmçinin “Müharibə Xaçı”, “Hərbi Şücaət Xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.

Montoban şəhərinin meri və Böyük Montobanın prezidenti Brijit Bqrej, Vayssak şəhərinin meri Frensis Delmas və Kabertat Partizan Dostları Assosiasiyasının prezidenti Mişel Po çıxış edərək, İkinci Dünya müharibəsində Azərbaycanın rolundan və azərbaycanlıların şücaətindən, həmvətənlərimizin Fransanın azadlığı uğrunda mübarizəyə verdiyi töhfələrdən danışıblar.

Azərbaycan səfirliyi, Montoban və Vassyak meriyaları, eləcə də Kabertat Partizan Dostları Assosiasiyasının adından Əhmədiyyə Cəbrayılovun və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulub.

Arxiv üzrə axtarış