2020-09-27

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Telefon söhbəti zamanı dövlətimizin başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəliblər.

https://azertag.az/xeber/Prezidentin_Metbuat_Xidmetinin_melumati-1597025

Arxiv üzrə axtarış