2020-10-06

Azərbaycan səfiri bir qrup fransız jurnalistlə mətbuat konfransı keçirib VİDEO ​

Türkiyə ölkəmizə yalnız mənəvi və siyasi dəstək verir. Türkiyə ölkəmizə dəstək səsləndirərkən beynəlxalq hüquq çərçivəsindən kənara çıxmır. Türkiyədən başqa ölkələr, Asiya ölkələrindən, eləcə də Avropa İttifaqına üzv ölkələrdən bir çoxu Azərbaycanı dəstəklədiklərini bildirib. Burada hər hansı bir qəbahət yoxdur. Azərbaycanda muzdlu yoxdur, heç Azərbaycanın muzdlulara ehtiyacı da yoxdur. On milyon əhalisi olan Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bir qrup fransız jurnalistlə görüşdə səsləndirib. Səfir son günlər Ermənistanın hərbi təxribatı ilə başlayan müharibə haqqında danışıb, jurnalistlərin müxtəlif səpkili suallarını cavablandırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunan R.Mustafayev bildirib ki, ölkəmiz 30 ildir bu münaqişənin həlli ilə bağlı sülh və danışıqlar yoluna üstünlük versə də, Ermənistan həmişə qeyri-konstruktiv mövqe tutub. Son illər Ermənistan rəhbərliyi müxtəlif ölkələrdə Azərbaycanı müharibəyə təhrik etmək məqsədilə təxribatçı bəyanatlar səsləndirib, buna baxmayaraq, münaqişənin həlli həvalə olunmuş ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir reaksiya verməyiblər.

Cari ilin iyul ayında Ermənistanın Azərbaycanın beynəlxalq sərhədini yenidən pozmasından söz açan səfir qeyd edib ki, Tovuz istiqamətindəki hücumu ilə Ermənistan ölkəmizin böyük enerji daşıyıcı infrastrukturlarını hədəfə almışdı. Azərbaycan vaxtında adekvat tədbirlər görüb. Ancaq Ermənistan yenidən sentyabrın 27-də Azərbaycana hücum edib, artıq səbri tükənmiş ölkə rəhbərliyi erməni silahlı qüvvələrinə adekvat cavab verilməsi və əks-hücuma keçilməsilə bağlı qərar qəbul edib.

Səfir artıq 10 gündür davam edən müharibədə Azərbaycan Ordusunun öz sözünü dediyini və torpaqlarımızı, xüsusilə də strateji rayonları azad etməyə başladığını bildirib.

O, jurnalistlərin suallarını cavablandıraraq Azərbaycan-Fransa münasibətlərinə də toxunub. Səfir deyib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, Fransanın Azərbaycanın muzdlulardan istifadə etməsi ilə bağlı əsassız iddialarına təəssüf doğurur və bu, yalnız sözdədir. Muzdluların olması ilə bağlı heç bir əsas olmadığını deyən R.Mustafayev Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı azad etməyə qadir olduğunu diqqətə çatdırıb. Səfir bu gün Dağlıq Qarabağın azadlığı uğrunda yalnız Azərbaycan Silahlı Qüvvələri mübarizə apardığını deyib.

“Bu gün Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə haqqı var. 1944-cü ildə Fransanın apardığı müqavimət hərəkatını bu gün Azərbaycan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda aparır”, - deyə R.Mustafayev bildirib.

Səfir ekranda əks olunan xəritədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu göstərərək erməni silahlı qüvvələrinin bu ərazilərdə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən danışıb. O, Ermənistanın ölkəmizin bu gündə mülki infrastrukturlarını, mülki əhalisini hədəfə almasından danışaraq münaqişəni beynəlmilləşdirməyə cəhd etdiyini deyib.

R.Mustafayev ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin nəticəsizliyinə də toxunub. Azərbaycanın regionda mühüm rolundan söz açıb. Ölkəmizin çox mürəkkəb geosiyasi məkanda yerləşdiyini deyərək regionun geosiyasi təsvirini verib. Üç böyük dövlət arasında yerləşən Azərbaycanın regionda tarazlaşdırılmış siyasət apardığını vurğulayıb.

Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı bildirib ki, bu gün təkcə Türkiyə deyil, bir çox ölkələr, eləcə də Avropa ittifaqına daxil olan ölkələr Azərbaycana dəstəklərini bəyan edib. Türkiyə beynəlxalq hüquq çərçivəsindən kənara çıxmır və Azərbaycana verdiyi mənəvi dəstək də qəbahət deyil.

Sonra jurnalistlərin müxtəlif səpkili sualları cavablandırılıb.

Qeyd edək ki, jurnalistlərə səfirliyimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı məlumat xarakterli broşürlər və Azərbaycanın xəritəsi təqdim edilib.

https://azertag.az/xeber/1606077

Arxiv üzrə axtarış