Vatikanın Xarici İşlər üzrə dövlət katibi Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı məlumatlandırılıb
Biz öz torpağımızda vuruşuruq. Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Biz haqq yolundayıq, biz zəfər çalacağıq! Biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözlərini ölkəmizin Vatikandakı səfiri Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın Xarici İşlər üzrə dövlət katibi Pol Riçard Qallager ilə görüşdə səsləndirib.
Səfir Azərbaycan Prezidentinin çıxışından sitat gətirərək ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb, Ermənistanın ölkəmizə qarşı hücumu haqqında məlumat verib. Diplomat, həmçinin Ermənistan silahlı qüvvələrinin mülki əhalini və obyektləri hədəfə aldığını qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh prosesinə Ermənistanın böyük zərbə vurduğu xatırladılıb, bu kontekstdə Roma Papasının 19 iyul tarixli bəyanatı alqışlanıb.
“Beynəlxalq ictimaiyyətin fəal iştirakı, dialoq və münaqişə tərəflərinin iradəsi ilə bu münaqişənin davamlı dinc həllinə nail ola biləcəyimizə ümid edirik”, - deyən Katolik kilsəsinin rəhbərinin çox balanslı və konstruktiv bəyanatıdır, sülh prosesini stimullaşdırmaq üçün çox böyük əhəmiyyət daşıyır.
Görüşdə Ermənistanın Livan və Suriyadan erməni əsilli sakinləri Qarabağda məskunlaşdırmasının beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğu vurğulanıb. Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsinin, beynəlxalq sənədlərə məhəl qoymamasının, “Qarabağ bizimdir” deməsinin və dialoqa hazır olmamasının qəbuledilməz olduğu bildirilib.
Müqəddəs Taxt-Tacın Xarici İşlər üzrə dövlət katibi Pol Riçard Qallager baş verənlərdən narahatlığını ifadə edib. Tezliklə dialoqun və sülhün bərpa olunacağına səy göstəriləcəyinə ümid etdiyini bildirib.