2020-10-28

Fransa Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun fəaliyyətsizliyindən narazılıq ifadə olunub

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransa Milli Assambleyasının sədrinin diplomatik müşaviri Nataşa Rimbonla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşı tərəf Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumatlandırılıb.

Bildirilib ki, sentyabrın sonunda Ermənistanın ölkəmizə qarşı hərbi təxribat törədib və Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlayıb.

Vurğulanıb ki, Ermənistan Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəfə alır. Oktyabrın 27-də döyüş zonasından kənarda yerləşən Bərdə şəhərinin yaşayış massivinin Ermənistan ordusu tərəfindən "Smerç" qurğusundan kasetli bombalarla atəşə tutulub, nəticədə uşaqlar da daxil olmaqla çox sayda insan həlak olub. Bununla yanaşı, ölkəmizin ikinci böyük şəhəri Gəncənin oktyabrın 11-i və 17-də Ermənistan tərəfindən ballistik raketlərlə atəşə tutulması nəticəsində qadın və uşaqlarda daxil olmaqla, 27 mülki şəxs həlak olub, 140-dan çox dinc sakin yaralanıb.

Dağlıq Qarabağın tarixi və hazırkı müharibə, eləcə də mülki əhalinin erməni silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması və onun nəticələrini əks etdirən şəkillərdən ibarət broşür qarşı tərəfə təqdim olunub. Səfir Ermənistanın törətdiyi bütün bu müharibə cinayətlərinin, özünü insan hüquqlarının qoruyucusu hesab edən Fransa Parlamenti tərəfindən qınanılmamasının narazılıq doğurduğunu vurğulayıb, bu cinayətlərin sərt şəkildə qınanılmasına bir daha çağırış edib.

Səfir Milli Assambleyada qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə bağlı 34 deputatın irəli sürdüyü qətnamə layihəsinin Assambleyanın rəsmi saytında yerləşdirilməsinə Azərbaycan tərəfinin qəti etirazını diqqətə çatdırıb.

Qeyd edilib ki, bu layihə açıq şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş çağırışdır. Minsk qrupunun həmsədri kimi münaqişənin həlli prosesində bitərəf qalmalı olan Fransada bu sənədin müzakirəyə çıxarılması iki ölkə arasındakı münasibətlərə mənfi təsir edə və ağır fəsadlarla nəticələnə bilər.

Görüşdə Milli Assambleyada Fransa-Ermənistan dostluq qrupunun sədrinin Ermənistanın mənafeyini Fransa vətəndaşı kimi yox, Ermənistan vətəndaşı kimi qoruduğunu, həmin fəaliyyət çərçivəsində digər deputatları səfərbər etdiyi, regionlarda və digər yerli ərazi vahidlərində, eləcə də mətbuatda Ermənistanın maraqlarını müdafiə etdiyi, bununla da Fransa Respublikasının deputat səlahiyyətlərini pozduğu vurğulanıb.

R. Mustafayev Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Pyer-Alən Rafanın fəaliyyətsizliyini sərt tənqid edib. Onun Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri ilə əlaqədar nəinki heç bir reaksiya vermədiyini, ümumiyyətlə həm səfirliklə, həm də Azərbaycan Respublikasının Milli Məclisindəki dostluq qrupunun üzvləri ilə əlaqə saxlamadığı qeyd edilib. P.-A.Rafanın səfirliyin və Milli Məclisdə fəaliyyət göstərən dostluq qrupunun üzvlərinin dialoq çağırışlarına da reaksiya vermədiyi pislənilib, onun fəaliyyətsizliyinin dostluq qrupunun fəaliyyətini iflic etdiyi və praktiki olaraq blok vəziyyətinə saldığı vurğulanıb. Qeyd olunanlarla əlaqədar Azərbaycan tərəfinin qəti etirazı Fransa Milli Assambleyası sədrinin diplomatik müşavirinin diqqətinə çatdırılıb.

https://azertag.az/xeber/Fransa_Milli_Assambleyasinda_Azerbaycanla_parlamentlerarasi_dostluq_qrupunun_fealiyyetsizliyinden_naraziliq_ifade_olunub-1627221?__cf_chl_jschl_tk__=5cb9e7008e2038cb0c4bf66aa21ef6547b25e614-1604053938-0-AYmkLIdn_7EGRMZX36MjTBrKB8zBNisSxjldLJbRpw8aHLFqqLM21cE3QAaGc23_sRYjXnNkrIKkGfu5Ye4TwH4gZu5sFO8uErw1ueTzZltPV1E65_CiG74Zz71z_c9xuULvWSTzdiQJf3LsY9R-XjDblTb0DrsB7KdfoN9yIHjvjrDOBvm3AvWsOVAlhiQYOM1y2_TpwO9Y7EOeYrHo5WAuBOSzP_vd_OwxfcBaL888yy8nd4lbTQJHm-KlQFlcYMLlpGN9jCQSh7H1hglFY-lnOBd8vLuSrRI2EYA4hoKY0UENfFtRFcGKUmcuBkEuolmZmRObfiXEunw9N8RRTEVqAf6sNwfj7Y8fw2Gem0xvoCmgj3AMiNwt5WhT2RIShvyNhWKLYDpPce-neSocs1Q66PLUnHyuARr1VLTQkC9IUm5EiVSRCnWoQEdqgbNmdw

Arxiv üzrə axtarış