Fransa Milli Assambleyasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycanda səfərdə olan Fransa Respublikası Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti noyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə güllər düzüblər.
Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycana budəfəki səfərləri tarixi bir dövrə təsadüf edir. Azərbaycan 30 il əvvəl itirdiyi torpaqları indi geri qaytarır və beynəlxalq hüquq öz yerini tapır. Biz artıq müharibə gedən deyil, sülhün bərqərar olduğu bir ölkəyə gəlmişik.