2020-11-13

Jerom Lamber: Mülki əhalinin yaşadığı ərazilərin bilərəkdən bombalanması müharibə cinayətidir

Biz Azərbaycanın və sülhün dostları olaraq, fransız parlamentariləri ilə Gəncəyə gəlmişik. Müharibə dövründə Gəncədə yaşanan faciəvi hadisələr bizi də üzdü. Mülki əhalinin yaşadığı ərazilərin bilərəkdən bombalanması müharibə cinayətidir. Gəncədə gördüyümüz hadisələr bizə bunu bir daha sübut edir.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.

J.Lamber qeyd edib ki, səfərdən iki gün əvvəl Ermənistanın məğlubiyyət sənədinə imza atdığını öyrənib. Fransanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin heç vaxt dəyişmədiyini vurğulayan dostluq qrupunun vitse-prezidenti deyib: “Fransa 1990-cı illərdə BMT tərəfindən hazırlanmış qətnaməni imzalayıb və Azərbaycana Ermənistan tərəfindən olan aqressiyanı qınayıb, problemin beynəlxalq hüquq çərçivəsində həllini istəyib. Sadəcə olaraq nəzərə almalıyıq ki, biz hər bir tərəfin, dünyada olan hər kəsin əziyyətlərinə həssas yanaşırıq. Qeyd etmək lazımdır ki, Fransada çox güclü erməni diasporu mövcuddur və onların diasporu müxtəlif ictimai-siyasi dairələrə, qurumlara təsir gücünə malikdir. Əgər Ermənistan bu gün pis vəziyyətdədirsə, bu, onun hökuməti tərəfindən yaradılmış vəziyyətdir. Bizim Yer üzündə əziyyət çəkən bütün xalqlara qarşı humanitar fəaliyyətimiz olmalıdır. Lakin Fransa dövləti hər zaman özünün də səs verdiyi BMT qətnamələrinin tərəfində olub. Fransa həmişə beynəlxalq hüququ dəstəkləyəcək”.

Fransa Prezidentinin və Fransanın xarici işlər nazirinin açıq-aşkar erməni tərəfini dəstəkləmələri və Şuşanın adını “Şuşi” kimi hallandırması ilə bağlı sualı cavablandıran J.Lamber adların tələffüzü ilə bağlı göstərilən həssaslığı başa düşdüyünü bildirib. “Fransa 1990-cı illərdə Azərbaycan ərazilərinin işğal olunmasını BMT-nin qətnaməsi çərçivəsində qınayıb və buna səs verib. Bu, beynəlxalq hüquq tərəfindən tanınmış bir haldır. Fransa Minsk qrupuna üzv olub ki, onun çərçivəsində münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini versin. 25 il ərzində bütün bu danışıqlar prosesi heç bir nəticə vermədi. İndi isə vəziyyət dəyişib. Azərbaycan hərbi yolla öz torpaqlarını azad edərək, sülhü və beynəlxalq hüququ bərqərar etdi. Fransa həm Ermənistanın, həm də Azərbaycanın tərəfində olmaqda davam edəcək ki, bu sülh prosesi davamlı olsun və bu cür konfliktli hallar daha baş verməsin. Rəhbərlər atəşkəs imzalayıblar. İndi isə lazımdır ki, xalqlar, insanlar öz aralarında sülh şəraitində yaşamağı bacarsınlar. Fransa da sülh istəyənin yanındadır”, - deyə o əlavə edib.

https://azertag.az/xeber/Jerom_Lamber_Mulki_ehalinin_yasadigi_erazilerin_bilerekden_bombalanmasi_muharibe_cinayetidir-1641359

Arxiv üzrə axtarış