Ümummilli lider Heydər Əliyevin xatirəsi Parisdə yad edilib
Azərbaycanın Fransadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Fransadakı səfirliyimizin və UNESCO yanında daimi nümayəndəliyimizin diplomatlarının, eləcə də diasporumuzun nümayəndələrinin iştirak etdikləri tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətindən danışıblar. Bildiriblər ki, ölkəmizin müstəqilliyi uğrunda yorulmadan çalışmış Ulu Öndərin əziz xatirəsi tarixi məqamda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi vaxtda anılır. Azərbaycanın Vətən müharibəsində qələbəsi ölkəmiz, eləcə də region üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan qələbəsi ilə regionda yeni geosiyasi vəziyyət yaradıb.
Vurğulanıb ki, bugünkü qələbəmizin təməli Ulu Öndər tərəfindən qoyulub. 1993-cü ildən etibarən Heydər Əliyev ölkəmizin iqtisadi, siyasi, xarici siyasət, sosial, ümumiyyətlə, bütün sahələrdə inkişafının möhkəm təməlini qoyub. Heydər Əliyevin dövlətçilik tariximizin möhkəmlənməsində xüsusi rolu diqqətə çatdırılıb, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə atdığı addımlar xatırlanıb. Ulu Öndərin xarici siyasətimizin müəyyənləşməsində böyük rolu vurğulanaraq, dünya ölkələri ilə əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünya dövlətlərinin dəstəyini qazandığı, beynəlxalq arenada layiqli yerini tutduğu qeyd edilib. Həmçinin bugünkü qələbəmizin təməlinin Ulu Öndər tərəfindən qoyulduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasətin bəhrəsi olduğu vurğulanıb.
Xatırladılıb ki, Qarabağda müharibə rəşadətli ordumuzun sayəsində qələbə ilə başa çatsa da, bəzi ölkələrdə, xüsusilə də Fransada Azərbaycana qarşı qərəzli mövqelər - müəyyən dövlət qurumlarının aqressiv münasibəti, haqsız və saxta məlumatlara əsaslanan fikirləri davam etdiyindən informasiya müharibəsi hələ bitməyib. Ölkəmizin haqlı mövqeyinin tanınması istiqamətində mübarizəmizi davam etdirməliyik. Saxtalaşdırılmış məlumatların dayandırılmasına və əsl həqiqətin ortaya çıxmasına nail olmalıyıq.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Ermənistanın işğalına qarşı mübarizəsi və torpaqlarımızın azad edilməsi dərin düşünülmüş siyasətin bəhrəsidir. Qələbəmizin kökü Heydər Əliyevin təməlini qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsinin nəticəsidir. Bu siyasət sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib və ölkəmiz onun daxili işlərinə müdaxilə edilməsinə yol vermir. Ölkəmizin inkişafı istiqamətində Ulu Öndərin hazırladığı “Yol xəritəsi” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib və böyük uğurlara imza atılıb. “Bu gün hər bir azərbaycanlı Ulu Öndərimizin xatirəsini hörmətlə yad edir. Ümummilli Liderin Azərbaycan xalqının tərəqqisi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti qarşısında baş əyirik”, - deyə bildirilib.