2020-12-24

Fransadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində yeni tarixi salnamə yazdı və xalqımıza Qələbə bəxş etdi. Harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlı müzəffər Ordumuzun Qələbəsi ilə qalib xalqın nümayəndəsi kimi qürur duyur. Vətən müharibəsində Qələbə bizə dostumuzu və düşmənimizi tanıtdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkədəki diasporumuzun üzvləri ilə keçirilən virtual görüşdə deyib.

“Təəssüf ki, bəzi ölkələr Azərbaycana qarşı ədalətsizlik nümayiş etdirdilər. Buna baxmayaraq, 44 günlük müharibə dövründə diasporumuzun üzvləri informasiya mübarizəsində fəal oldular və düzgün məlumatları yerli ictimaiyyətə çatdırdılar. Bu baxımdan, Fransadakı diasporumuz da üzərinə düşən vəzifəni yerinə yetirdi”, - deyə R. Mustafayev bildirib.

Diplomat qeyd edib ki, səfirlik həmişə olduğu kimi, bundan sonra da Azərbaycan diasporunun üzvləri ilə sıx əlaqə saxlayacaq və belə mütəmadi görüşlər davam edəcək.

Səfir diaspor nümayəndələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən diaspor nümayəndələrinə təşəkkür edən diplomat səfirliyinin qapısının azərbaycanlılar üçün daim açıq olduğunu vurğulayıb.

Görüşdə ölkəmizin Fransadakı diasporunun 2021-ci il üçün fəaliyyət planı müzakirə edilib.

https://azertag.az/xeber/Fransadaki_Azerbaycan_diasporunun_numayendeleri_ile_gorus_kechirilib-1674035

Arxiv üzrə axtarış